Elmar Məmmədyarov: "Əşi, sən Allah, bəsdir!”

16 İyul, 2020 10:57 | Siyasət | Baxış sayı: 452
Elmar Məmmədyarov
Elmar Məmmədyarov

Ölkə başçısı İlham Əliyev hökumətin müşavirəsində Xarici İşlər naziri Elmar Məmmədyarovu sərt tənqid edib.

İstiPress-in məlumatına görə, Tovuzda vəziyyətin gərginləşdiyi günlərdən bəhs edən İlham Əliyev deyib: "Xarici İşlər Nazirliyi nə ilə məşğul idi? Harada idi? Ayın 12-də hadisələr baş verəndən sonra biz iş yerindəydik. Baş Nazir iş yerində, mən iş yerində səhərə qədər. Müdafiə naziri, Baş Qərargah rəisi, həmçinin Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, Daxili İşlər naziri, Xarici Kəşfiyyat Xidmətinin rəisi, Təhlükəsizlik Şurasının katibi gecə səhərə qədər iş yerində. Mən Xarici İşlər nazirini tapa bilmədim".

Baş Nazir Əli Əsədov Elmar Məmmədyarova zəng etdiyini deyib: "Mən Elmar Məmmədyarova zəng etdim. Sizin dediklərinizi ona dedim, soruşdum ki, bu hadisəni sən nə vaxt eşitmisən və harada olmusan? Dedi, evdən işləmişəm. Dedim, saatbasaat mənə de, harada olmusan? Yenə dedi ki, evdən işləmişəm. Günorta saat 3-də eşitmişəm. Daha sonra dedi ki, təqribən saat 6-da, 7-də Hikmət Hacıyevlə telefonla danışıb. İndi Siz dediniz, Hikmət Hacıyev Sizin təlimatları ona çatdırandan sonra deyib ki, bizim BMT-dəki nümayəndəmiz Yaşar Əliyevlə danışıb. Bax, bu qədər. Mən Sizin verdiyiniz tapşırıqları ona çatdırdım, dedim ki, belə olmaz. Biz hamımız iş yerindəyik. Prosesləri cənab Prezident idarə edir. Xarici İşlər naziri olaraq sən bunu, bunu, bunu et - Sizin dediyiniz tapşırıqları. Soruşdum ki, evdə niyə işləyirsiniz? Sən gəl iş yerinə, kabinetinə və s. Tapşırıq belə oldu. Ondan sonra hadisələr məlumdur." 

“Gününsəsi.info”nun əməkdaşı E.Məmmədyarovdan ölkə başçısının tənqidlərinə münasibətini soruşub.

Sualı eşidən nazir deyib: “Əşi, sən Allah, bəsdir! Soruşmağa mövzu yoxdur? Bu nə sualdır axı? Həm də bu saatda adama sual verərlər? Sabah Leyla Abdullayevaya (XİN mətbuat xidmətinin rəhbəri-red.) zəng et, cavablandırsın”.