Azərbaycanın Ermənistanı vuracağı üçüncü istiqamət

16 May, 2019 17:15 | Siyasət | Baxış sayı: 1529
ABŞ ordusu döyüşdə
ABŞ ordusu döyüşdə

İrəvanda böyük qorxu ilə ABŞ - İran müharibəsini gözləyirlər

Ermənistanda İran - ABŞ müharibəsinin baş vermə təhlükəsi ilə bağlı ciddi narahatlıq keçirirlər.

İstiPress-in məlumatına görə, bu günlərdə erməni mətbuatında məsələyə onlarla təhlil məqaləsi həsr edilib və əksər ekspertlər Azərbaycanın  bu durumu Qarabağ münaqişəsi ilə bağlı  öz xeyrinə istifadə edə biləcəyini bildirirlər. 

Erməni ekspert Naira Ayrumyan məsələ ilə bağlı “Lragir”də yazdığı məqaləsində iddia edir ki, Azərbaycan müharibə üzündən Ermənistan - İran sərhədinin bağlanmasını gözləyir:

“Bakı İranda vəziyyətin gərginləşməsinə və bunun Ermənistana da təsir etməsinə ümid edir. Azərbaycan bulanıq suda balıq tutacağına ümidlidir”.

Erməni siyasi texnoloq Armen Badalyan isə “Tert.am”a müsahibəsində bildirib ki, Paşinyanın Rusiyaya həddindən artıq yaltaqlanması ABŞ - Ermənistan münasibətlərinə xələl gətirir:

“Nə qədər ki, Paşinyan hakimiyyətdədir, bu siyasət davam edəcək. Belə görünür ki, Rusiya baş nazirin zəif tərəfini tapıb və onun sadiqlik andı içməsinə çalışır”,- deyə Armen Badalyan vurğulayıb.

Qarabağ münaqişəsinin Madrid prinsipləri üzrə dinc yolla həlli
Qarabağ münaqişəsinin Madrid prinsipləri üzrə dinc yolla həlli

Yəni Badalyanın sözlərindən belə çıxır ki. ABŞ-la normal münasibətlər qurmağı bacarmayan Paşinyan  İran-ABŞ müharibəsi şəraitində Ermənistanı fəlakətə sürükləyəcək. Hər halda, Ermənistan İranla sərhədini bağlamazsa, ABŞ-ın müttəfiqi olan Gürcüstan Ermənistanı tam blokadaya salacaq. Bu isə, Naira Ayrumyanın təbirincə, Azərbaycana İran - ABŞ müharibəsindən Qarabağ məsələsində yararlanmağa imkan yaradacaq. 

Qabil Hüseynli - politoloq
Qabil Hüseynli - politoloq

Azərbaycanın keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli isə ABŞ-la İran arasında müharibənin olacağına inanmır. Onun fikrincə, Rusiya artıq bu məsələdə vasitəçilik missiyasını öz üzərinə götürüb: “ABŞ dövlət katibi Pompeonun Moskvada Lavrovla görüşü təxirə salıb Soçiyə prezident Putinlə görüşə getməsi təsadüfi deyil. Prezident Ruhaninin də bəyanatlarından belə görünür ki, İran müqavilə bağlamağa meyllidir və Rusiya bu məsələdə İrana yardımçı olacaq”.

Qabil Hüseynlinin fikrincə,  ABŞ da İranla müharibədən uzaq durmağa çalışacaq: “Tramp ölkəsini İran bataqlığına salmaz. ABŞ Suriyada müharibəyə girmədi.  İsrail nə qədər çalışsa da, İranla müharibəyə girməyəcək. Tramp sadəcə irəli sürdüyü 12 şərğin qəbul edilməsinə çalışıcaq”.