İlham Əliyev yeni silahlarla tanış oldu

16 May, 2018 15:16 | Siyasət | Baxış sayı: 572
İlham Əliyev Əlahiddə Ümumqoşun Ordusunun “N” saylı hərbi hissəsindəki Təlim-Tədris Mərkəzində
İlham Əliyev Əlahiddə Ümumqoşun Ordusunun “N” saylı hərbi hissəsindəki Təlim-Tədris Mərkəzində

Tank, artilleriya və digər zirehli texnikaların idarə olunması, eləcə də texniki və atış sistemləri üzrə təlimlər

 Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev mayın 16-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Əlahiddə Ümumqoşun Ordusunun “N” saylı hərbi hissəsindəki Təlim-Tədris Mərkəzində yaradılan şəraitlə tanış olub.

İstiPress-in məlumatına görə, Azərbaycan Respublikası müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-leytenant Kərəm Mustafayev dövlətimizin başçısına raport verdi.

Yeni yaradılan hərbi hissədə əsgər yataqxanaları, Əsgəri-Məişət Kompleksi, Təlim-Tədris Mərkəzi, qərargah binası, xəstəxana inşa olunub, sıra meydanı, idman şəhərciyi salınıb.

Əlahiddə Ümumqoşun Ordusunun Təlim-Tədris Mərkəzində taktiki simulyasiya, trenajor, mədəni-kütləvi işin təşkili bölmələri, sənədli və tədris filmləri kinostudiyası, hərbi mətbəə yerləşir. Ümumi sahəsi 7500 kvadratmetr olan üçmərtəbəli binada, həmçinin zirehli texnika, raket-artilleriya sistemləri, rabitə, taktiki hazırlıq, qarovul hazırlığı, atəş hazırlığı, topoqrafiya, komandir hazırlığı və digər sinif otaqları, kitabxana, xarici dillər kabinəsi və 700 yerlik tədbirlər zalı vardır. Hərbi tədris proqramının keyfiyyətlə mənimsənilməsi, şəxsi heyətin peşəkarlığının və nəzəri biliklərinin artırılması üçün sinif otaqlarında lazımi şərait yaradılıb, kompüterlər quraşdırılıb, əyani vəsaitlər və məlumat stendləri qoyulub. Trenajor zalında tank, artilleriya və digər zirehli texnikaların idarə olunması, eləcə də texniki və atış sistemləri üzrə 18 trenajor quraşdırılıb. Trenajorlar vasitəsilə zirehli texnikaların idarə olunması və döyüş zamanı onlardan atəş açılması öyrədilir.

Sonra Prezident İlham Əliyev Əlahiddə Ümumqoşun Ordusunun “N” saylı hərbi hissəsinin yeni hərbi xəstəxanasının açılışını edib.

Dövlət başçısına məlumat verilib ki, ən müasir tibbi avadanlıqla təchiz edilən üçmərtəbəli yeni xəstəxana binasında poliklinika-qəbul, terapiya, cərrahiyyə, anesteziologiya və reanimotologiya, təminat bölmələri və inzibati bölmə mövcuddur. Xəstəxananın poliklinika-qəbul bölməsində oftalmologiya, ginekologiya, lor, ultrasəs və elektroqrafiya kabinələri və laboratoriya fəaliyyət göstərəcək. Altmış çarpayılıq xəstəxana binasında şəxsi heyətə ilkin tibbi yardım göstərmək üçün sarğı, prosedur və təxirəsalınmaz yardım otaqları da yaradılıb. Xəstəxanada hərbi qulluqçuların qidalanması üçün hərtərəfli şərait var. Şəxsi heyətin tibbi biliklərinin daha da artırılması məqsədilə hərbi tibbi hazırlıq üzrə məşğələlər keçmək üçün müasir tədris vəsaitləri ilə təmin edilən sinif və mühazirə zalı mövcuddur. Buradakı laboratoriya müasir avadanlıqla təchiz olunub. Bu isə laborator müayinələri operativ və yüksək dəqiqliklə yerinə yetirməyə imkan verir.

İlham Əliyev - Naxçıvan Müəllimlər İnstitutunun yeni binasının açılışında
İlham Əliyev - Naxçıvan Müəllimlər İnstitutunun yeni binasının açılışında

13:04

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Naxçıvan Müəllimlər İnstitutunun yeni binasının açılışında iştirak edib.

İstiPress-in məlumatına görə, dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.

2003-cü il avqustun 26-da Naxçıvan Müəllimlər İnstitutu kimi fəaliyyətə başlayan və altı mərtəbəli binada yerləşən  ali təhsil ocağında ümumilikdə 23 auditoriya var. Binada 4 kompüter otağı, 16 elektron lövhəli auditoriya, kitabxana və oxu, eləcə də elektron oxu zalları, rəngkarlıq və heykəltəraşlıq emalatxanaları var. Təsviri incəsənət, coğrafiya, musiqi, hərbi, tibb, Azərbaycan dili, ali riyaziyyat və informatika otaqları tələbələrin biliklərinin artırılması üçün bütün zəruri inventarla təchiz edilib. Binada psixologiya laboratoriyası, müəllim və tələbələr üçün bufet də yaradılıb. Tələbələrin ixtiyarına verilən idman zalında müasir qurğular quraşdırılıb. Binada 132 və 20 yerlik iclas zalları da var.

11:44

Naxçıvan şəhər Qaraxanbəyli inzibati ərazi dairəsində 480 şagird yerlik 6 saylı tam orta məktəbin açılışı olub. Açılışa prezident İlham Əliyev də qatılıb. Prezident İlham Əliyev məktəbdə yaradılan şəraitlə tanış olub.

Daha sonra o Naxçıvan şəhər Təmizləyici Qurğular Kompleksinin açılışında iştirak edib.

Sinif otağı
Sinif otağı
Prezident su kəmərinin açılışında
Prezident su kəmərinin açılışında

Saat 10:45

Naxçıvanda səfərdə olan prezident İlham Əliyev ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib. Vasif Talıbov dövlətimizin başçısına abidənin ətrafında aparılan abadlıq və yenidənqurma tədbirləri barədə məlumat verib.

Daha sonra “Şərur şəhər və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin birinci mərhələsinin açılışı olub. Layihə üzrə tikinti işlərinin icrasına 2012-ci ildən başlanılıb. Layihəyə əsasən Şərur şəhərinə, Mahmudkənd kəndinə və Zeyvə kəndinin bir hissəsinə su şəbəkəsi, Şərur şəhərinə kanalizasiya şəbəkəsi çəkilib və ev birləşmələri aparılıb. Layihənin birinci mərhələsi ötən ilin dekabrında başa çatıb. Layihəyə əsasən Arpaçay subölücüsündə gölün dibindən 6 metr dərinlikdə eni 1,3 metr, hündürlüyü 2 metr, uzunluğu 134 metr olan qalereya tikilib. Qalereyanın su sərfi saniyədə 1150 litr təşkil edir. Buradan su anbarlarına qədər diametri 900 millimetr olan plastik boru ilə 1500 metr xətt çəkilib. Xətt üzərində bir ədəd suboşaldıcı inşa olunub. Qalereyadan gələn su dezinfeksiya olunaraq su anbarlarına yığılır və öz axını ilə əhaliyə fasiləsiz ötürülür. Layihə çərçivəsində hər birinin tutumu 10 min kubmetr olan iki ədəd və tutumu 7 min 500 kubmetr olan bir ədəd, cəmi tutumu 27 min 500 kubmetr olan su anbarları tikilib. Su anbarlarından Şərur şəhərinədək diametri 900 millimetrdən 630 millimetrə qədər olan borularla 9,5 kilometr uzunluğunda xəttin tikintisi aparılıb.

Bununla da Şərur şəhərində, Mahmudkənd kəndində və Zeyvə kəndinin bir hissəsində 13 min 500 nəfər Dünya Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su ilə davamlı olaraq 24 saat təmin ediləcək.

Saat 10:05

Prezident İlham Əliyev mayın 16-da Naxçıvan Muxtar Respublikasına səfər edib. Naxçıvan Beynəlxalq Hava Limanında dövlət başçısını Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov qarşılayıb. 

Hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Dövlət başçısı Naxçıvan Muxtar Respublikası hökumətinin üzvləri ilə görüşüb.

İlham Əliyev Naxçıvanda
İlham Əliyev Naxçıvanda