Prezident himn və gerb haqqında son qərarı verdi

16 Aprel, 2019 09:00 | Siyasət | Baxış sayı: 94
Prezident İlham Əliyev
Prezident İlham Əliyev

Bu qanunları pozanları cəza gözləyir

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Himnindən və gerbindən istifadə qaydaları haqqında qanunu imzalayıb. Qanunda deyilir: 

Dövlət Himni Azərbaycan Respublikasının dövlət rəmzidir. Dövlət Himninə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

Dövlət Himnin mahiyyətini və əhəmiyyətini əhali arasında geniş təbliğ etməli və onları bu barədə maarifləndirməlidir. Azərbaycan dövləti Azərbaycan Respublikasının Dövlət Himnini qeyri-qanuni istifadədən və ona zərər vuran digər hərəkətlərdən qoruyur.

Azərbaycan Respublikasının Dövlət Himni aşağıdakı hallarda mütləq ifa edilir:

Prezident seçilmiş şəxsin andiçmə mərasimində (and içdikdən sonra);

Prezident Azərbaycan Respublikası Milli Məclisinin iclaslarına gəldiyi zaman;

Milli Məclisinin növbəti və növbədənkənar sessiyalarının başlanması və qurtarması zamanı;

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbəti və növbədənkənar sessiyalarının başlanması və qurtarması zamanı;

Azərbaycan Respublikasının bayramlarına həsr olunmuş təntənəli yığıncaqların və iclasların açılışı və bağlanışı zamanı;

Azərbaycan dövləti və xalqı üçün mühüm tarixi hadisələr olduqda;

Azərbaycanın görkəmli dövlət, siyasi, ictimai, elm, ədəbiyyat, incəsənət xadimlərinin və Azərbaycanın Milli Qəhrəmanlarının abidələrinin və ya xatirə lövhələrinin açılışı zamanı;

Dövlət orqanları (qurumları), yerli özünüidarə orqanları, siyasi partiyalar və ya qeyri-hökumət təşkilatları tərəfindən keçirilən mərasimlər və digər təntənəli tədbirlər zamanı (Azərbaycan Respublikasının Dövlət Bayrağı qaldırılarkən və ya asılarkən);

Azərbaycan Respublikasına rəsmi görüşə gələn xarici ölkələrin dövlət və hökumət başçılarının qarşılanması və yola salınması zamanı (müvafiq ölkənin Dövlət Himni ifa edildikdən sonra).

Azərbaycan Respublikasının Dövlət Himni musiqisinə (partiturasına) uyğun orkestr, xor və ya orkestr-xor tərəfindən, yaxud başqa vokal üsulla və ya alətlər vasitəsilə, həmçinin səsyazma vasitəsindən istifadə etməklə bütün hallarda tam ifa edilir.

Himni ifa edildikdə Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Dövlət Himnini ayaq üstə, farağat vəziyyətdə sona qədər dinləməli və ya mətninə uyğun olaraq oxumalıdırlar. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Himni ayaq üstə, farağat vəziyyətdə sona qədər dinləməlidirlər.

Azərbaycan Respublikasının Dövlət Himnindən istifadəyə dair məhdudiyyətlər:

Azərbaycan Respublikasının Dövlət Himni başqa dildə oxuna bilməz.

Azərbaycan Respublikasının Dövlət Himninin təhrifinə yol verilmir.

Bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.

Dövlət Gerbi Azərbaycan Respublikasının dövlət rəmzidir.Dövlət Gerbinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının Dövlət Gerbinin qabarıq təsvirinin vurulduğu yerlər:

Azərbaycan Respublikasının Prezident sarayına, dövlət iqamətgahlarının binalarına, Azərbaycan Respublikası Prezidentinin xidməti otağına;

Azərbaycan Respublikası Milli Məclisinin binasına və iclas salonuna, Azərbaycan Respublikası Milli Məclisinin Sədrinin xidməti otağına;

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin binasına və iclas salonuna, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin xidməti otağına;

müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanların (qurumların) binalarına;

Azərbaycan Respublikasının bütün məhkəmələrinin binalarına və məhkəmə iclaslarının salonlarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi sədrinin və Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin xidməti otağına;

Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin və konsulluqlarının binalarına.

Azərbaycan Respublikasının Dövlət Gerbinin qabarıq təsvirinin istehsalı və vurulması qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Azərbaycan Respublikasının Dövlət Gerbi oturulan və ayaq basılan yerlərdə təsvir edilə bilməz. Gerbin təhrifinə yol verilmir. Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.