İrəvanda 22 nəfər yaralandı - yeni mitinq başlayır

16 Aprel, 2018 18:11 | Siyasət | Baxış sayı: 287
İrəvanda polis nümayişçilərə hücum edir
İrəvanda polis nümayişçilərə hücum edir

Polis sərt tədbirlərə əl atıb

İrəvanda polislə nümayişçilər arasında baş verən toqquşma zamanı 22 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. 

İstiPress TASS xəbər verir ki, yaralananlardan 3-ü polisdir.

“Nairi” tibb mərkəzində tibbi yardım almış  Nikol Paşinyan xəstəxanadan çıxıb. O, xəstəxanada açıqlama verərək bütün Ermənistan vətəndaşlarını küçələrə və meydanlara çıxmağa çağırıb: “Mən gözümdən və əlimdən yaralandım. Böyük ehtimal ki, tikanlı məftilləri keçmək istəyərkən səs qumbarasının partlaması nəticəsində xəsarət almışam. Lakin mübarizə davam edir”.

Paşinyan saat 19.00-da Baqramyan prospektində mitinq olacağını deyib.

Qeyd edək ki, sabah parlamentdə Serj Sarkisyanın baş nazir postuna təsdiqlənməsi ilə bağlı səsvermə keçiriləcək. Konstitusiya dəyişikliyindən sonra Ermənistanda prezidentin icra səlahiyyətləri baş nazirə verilib. Ölkəni bundan sonra baş nazir idarə edəcək.

Nikol Paşinyan yaralandıqdan sonra
Nikol Paşinyan yaralandıqdan sonra

17:15 

İrəvanda polis Baqramyan küşəsinə qüvvə yığmağa başlayıb.

İstiPress "news.am"a istinadən bildirir ki, etirazçıları dağıtmaq üçün hadisə yerinə suatanlar gətirilib.     

Həmçinin, bu gün keçirilən aksiyada etirazçılarla polis əməkdaşları arasında qarşıdurma olub.  Etiraz aksiyalarının təşkilatçı, müxalif deputat Nikol Paşinyan yaralanıb, onu “Nairi" tibb mərkəzinə aparıblar. 

Paşinyan toqquşmalar zamanı ağır xəsarət alıb. Jurnalistlər onun qulaq nahiyyəsindən qan axdığını görüblər. Paşinyanı müşayiət edən şəxslərdən biri də polis tərəfindən döyülüb.

İrəvan polisinin suvuran maşını
İrəvan polisinin suvuran maşını