Şəhid Fərhadın qərib qəbri

16 Mart, 2020 18:16 | Siyasət | Baxış sayı: 309

Ata-anası qaz partlayışından dünyasını dəyişdikdən sonra məzarı yalnız qalıb

Qusarın Çiləgir kəndində Qarabağ uğrunda şəhid olmuş Fərhad Şəkixan oğlu Hacıyevin məzarı baxımsız vəziyyətdədir.

Məzara baxanda baxımsızlıq dərhal hiss olunur. Məzarın üstünə  və ətrafına  uzun müddətdir əl gəzdirilmədiyi açıqca sezilir. Fərhadın qəbrini bu vəziyyətdə digər şəhid Bəhruz Ağaverdiyevin məzarını doğum günündə ailəsilə ziyarət edərkən gördüm və düzü, ürəyim ağrıdı. Elə bu anda rayonda şəhid məzarlarının vəziyyətilə bağlı araşdırma aparmağı qərara aldım.

Məsələ ilə bağlı əvvəlcə şəhid Fərhad Hacıyevin ailə üzvlərilə əlaqə saxladıq. Şəhidin ata-anası Şəkixan və Maral Hacıyevlərin 2015-ci ildə qaz partlayışında aldığı xəsarətlərdən vəfat etmələrini bildiyimdən qardaş -bacılarının mövqeyini öyrənməyə çalışdım. Fərhadın qardaşı Tərlan Hacıyevin hərbi əlil olduğunu öyrəndim. Ailədən dedilər ki, dövlət tərəfindən şəhid ailəsinə verilən 11000 manat vəsaiti əlilin müalicəsinə və evlərinin təmirinə sərf ediblər, Fərhadın qəbirüstü abidəsinin yenilənməsinə maddi imkanları yoxdur.

Bu qəbil ailələrin problemini rəsmi qurumlara çatdıran Azərbaycan Qarabağ Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin Qusar filialının müdiri Canəli Hörmətov isə İstiPress-ə məlumat verdi ki, məsələdən Qusar ih rəhbərliyi məlumatlıdır: "Başçımız Şair Alxasov fevral ayında keçirilən hesabat yığıncağında bu məsələni qaldırıb və iştirakçılara məlumat verib. Bu il hava şəraiti imkan verən kimi Qusar şəhərindəki Şəhidlər Xiyabanı yeni layihə əsasında bərpa ediləcək. Kəndlərdəki şəhid məzarları da diqqətdən kənarda qalmayacaq, hamısı yenidən qaydalara uyğun yenilənəcək. Şair müəllim bu işləri xüsusi nəzarətdə saxlayır, havalar qızan kimi işlərə start veriləcək."

Canəli Hörmətov rayondakı 68 şəhiddən ikisinin Milli Qəhrəman olduğunu deyib. Bildirib ki, xüsusi imtiyazlı ailələrin qayğıları barədə İH-nə mütəmadi məlumat verir və imkan daxilində  problemlərin həllinə çalışılır.

Cəmiyyət sədri məlumat verdi ki, şəhid Fərhad Hacıyevin rayonun Çiləgir kəndindəki qəbristanlığındakı qəbüstü abidəsində də də bərpa ediləcək.

Qeyd edək ki, Fərhad Hacıyev 1994-cü il mart ayının 5-də Fizuli ətrafında gedən döyüşlərdə şəhid olub.

Aytəkin Alxaslı