Gürcüstandan Azərbaycana 170 nəfər təxliyə edildi

16 Mart, 2020 19:34 | Siyasət | Baxış sayı: 62

Türkiyənin müxtəlif şəhərlərindən gələn 120 Azərbaycan vətəndaşı ölkəyə yola salınıb

Azərbaycanın Gürcüstandakı səfirliyi vətənə qayıtmaq istəyən 170 vətəndaşın təxliyəsini təmin edib.

İstiPress-in məlumatına görə, bu barədə səfirlikdən məlumat verilib.

Martın 13 və 15-də Avropadan Türkiyə və Gürcüstan ərazisindən keçərək Azərbaycana qayıtmaq istəyən 50 vətəndaşın təxliyəsi həyata keçirilib.

Səfirliyin həm Gürcüstanın Xarici İşlər Nazirliyi, həm də Türkiyənin Gürcüstandakı səfirliyi və Baş Konsulluğu ilə apardığı danışıqlar nəticəsində Türkiyənin müxtəlif şəhərlərindən gələn 120 Azərbaycan vətəndaşı da ölkəyə yola salınıb. Vətəndaşlar Gürcüstan hökumətinin ayırdığı avtobuslar və polis patrul maşınlarının müşayiəti ilə Azərbaycan-Gürcüstan sərhədindəki “Sınıq Körpü” sərhəd-keçid məntəqəsi vasitəsilə Azərbaycan ərazisinə çatdırılıb.

Təxliyə olunan Azərbaycan vətəndaşları “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi”nə (TƏBİB) təhvil verilib.

Qeyd dək ki, Azərbaycan vətəndaşlarının sorğularının operativ cavablandırılması məqsədilə ölkənin Gürcüstandakı səfirliyində +995 577 06 50 50 saylı “qaynar xətt” və xüsusi komissiya yaradılıb.