“Ermənistanın qapısından o qədər avtoqol buraxdı...” - İrəvandan reaksiya

16 Fevral, 2020 14:34 | Siyasət | Baxış sayı: 1290

"Bəlkə sən tarix haqda danışmayasan, “brat”?"

Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında ötən gün axşam Almaniyanın Münhen şəhərində, beynəlxalq təhlükəsizlik konfransı çərçivəsində baş tutmuş açıq debata İrəvandan ilk reaksiya eşidilməkdədir. 

İstiPress-in məlumatına görə, Ermənistanın müxalif Respublika partiyasının mətbuat katibi Eduard Şarmazanov Paşinyanın bu debatdakı çıxışına reaksiya verərək onun “bir neçə dəqiqə ərzində Ermənistanın və Qarabağın qapısına avtoqollar buraxdığını” bildirib.

“Paşinyan-Əliyev debatına baxdınız? Bir neçə dəqiqə ərzində Ermənistanın və Qarabağın qapısından o qədər avtoqol buraxdı”,-Şarmazanov özünün Facebook səhifəsində yazıb.

Onun fikrincə, Paşinyan deməliydi ki, erməni tərəfi münaqişənin mərhələli həllinə qarşıdır və Qarabağ “heç vaxt Azərbaycanın tərkibində olmayacaq”.

Serj Sərkisyanın partiyasının nümayəndəsi habelə Paşinyanın ingilisdə pis danışmasından da gileylənib. Onun fikrincə, baş nazir erməni dilində danışsa daha yaxşı olardı.

“Və daha biri: Böyük Tiqran haqda danışmazdan qabaq Bospor çarlığını, Roma imperiyasını yada sal. Bəlkə sən tarix haqda danışmayasan, “brat”?”-Şarmazanov yazıb.

O fikrini belə yekunlaşdırıb ki, Münhen konfransında populizm işə yaramadı.

Xatırladaq ki, bu Azərbaycan və Ermənistan liderləri arasında baş tutmuş ilk açıq debat idi.