"Dedim təcili 900 milyon lazımdır" - İlham Əliyev Belarusu necə xilas etdi?

15 Dekabr, 2018 12:50 | Siyasət | Baxış sayı: 381
A.Lukaşenko
A.Lukaşenko

Lukaşenko illər öncə İlham Əliyevlə aralarında olan maraqlı hadisədən danışıb

“Daha bir məqam olmuşdu . Rusiyaya təcili 900 milyon dollar qaytarmaq lazım idi. Doğma qardaşlarım mənə təzyiq etməyə başlamışdı. Qazı kəsmişdilər. Mən zəng vurdum və deyirəm: İlham, mənə təcili 900 milyon dollar lazımdır. Mən maliyyə nazirini, hökumət nümayəndə heyətini göndərirəm, onlar müqavilə bağlayacaq. Lakin mənə pul sabaha lazımdır. Mən Putinə 900 milyon dollar verməliyəm. Ona söz verdim ki, uzağı 3 həftəyə, yaxud bir aya qaytaracam. Lakin vaxtından tez qaytardım. Bu 7-8 il öncə baş verib".  

Azərbaycan prezidenti ilə baş verən əhvalatı ötən gün rusiyalı jurnalistlərlə görüşündə Belarus prezidenti Aleksandr Lukaşenko danışıb. O, bunun çox dəyərli olduğunu bildirib.

"Ona görə də mən ona çox yaxın adamım kimi yanaşıram. Və o da mənə o cümlədən”.

Xatırladaq ki, bir neçə saat davam edən görüşündə Belarus lideri Qarabağ məsələsinə də toxunub. Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, o Rusiya prezidenti Vladimir Putinlə birlikdə Ermənistana Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair təklif verib. 

Bu ideya İrəvanda KTMT-nin sammitlərindən birində müzakirə olunub - o vaxt  Serj Sərkisyan hakimiyyətdə imiş. “Biz Putinlə birlikdə konsolidə olunmuş mövqe nümayiş etdirdik (Bu, İrəvanda, KTMT sammitində olmuşdu): Serj, həmin 5 rayonu qaytar. Onları qaytarmamaq üçün nə səbəb ola bilər axı, onlar ki, boşdur. O deyir: əgər mən qaytarsam onlar orada yolu kəsəcəklər, Dağlıq Qarabağı tutacaqlar və s. Və biz Putinlə birlikdə qəti şəkildə vəd etdik ki, belə olsa öz qoşunlarımızı yeridəcəyik və buna imkan verməyəcəyik. O dedi: yox, biz buna getməyəcəyik, biz bunu istəmirik”.