Türkiyə Qüds üçün BMT-yə gedir

15 Dekabr, 2017 16:10 | Siyasət | Baxış sayı: 209
BMT-nin bayrağı
BMT-nin bayrağı

"Bu rəzilliyi qəbul edə bilmərik"

Türkiyə ABŞ-ın Qüds qərarını BMT-yə çıxarır. İstiPress-in məlumatına görə, bu barədə prezident Rəcəb Tayyib Ərdoğan məlumat verib. "Amerikanın Qüdslə bağlı qərarının ləğvi üçün BMT nəzdnində işə başlayırıq".

Cümə namazından sonra prezident Qüdslə bağlı Konyada keçirilən mitinqə telekonfrans vasitəsilə qatılıb. O, ABŞ-ın altında öz imzası da olan BMT qanunlarına zidd hərəkət etdiyini qeyd edib.

"Bu rəzilliyi əsla qəbul edə bilmərik. Müsəlmanlar bu qəsbə boyun əyməyəcək. Haqsız qərarın ləğvi üçün BMT-də də çalışacağıq. 1937-ci ildən bu yana Fələstin torpaqlarının necə hissə-hissə İsrailə verildiyini çox açıq və aydın şəkildə ifşa etdim. Bu ədalətsizliyin aradan qaldırılacağına inanırıq. Üzərimizə düşən öhdəliyi sonuna qədər yerinə yetirəcəyik". 

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp dekabrın 6-da dünya dövlətləri, o cümlədən beynəlxaql təşkilatların xəbərdarlıqlarına baxmayaraq Qüdsü İsrailin paytaxtı kimi tanıyıb və səfirliklərini bu şəhərə köçürəcəklərini açıqlayıb. Bu qərara etiraz məqsədi ilə iki gün öncə Türkiyədə İƏT ölkələrinin fövqəladə toplantısı baş tutub.