Prezident Sumqayıta getdi FOTOLAR, YENİLƏNİB

15 Dekabr, 2017 13:44 | Siyasət | Baxış sayı: 278
Prezident İlham Əliyev Sumqayıtda
Prezident İlham Əliyev Sumqayıtda

İlham Əliyev onlarla adam üçün iş yerləri açdı

Prezidenti İlham Əliyev Sumqayıta səfəri çərçivəsində şəhərin Lüdviqşafen parkında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.

Şəhərin 9-cu mikrorayonunun ərazisində yerləşən Lüdviqşafen parkı müasir səviyyədə yenidən qurulub. Bu istirahət məkanı Sumqayıt şəhəri ilə qardaşlaşmış Almaniyanın Lüdviqşafen şəhərinin şərəfinə salınıb.

Onu da deyək ki, Lüdviqşafen şəhərində də Sumqayıt parkı mövcuddur. Bu park 1997-ci ildə Sumqayıt-Lüdviqşafen əlaqələrinin 20 illiyi münasibətilə salınıb. Ümumi ərazisi 2 hektar olan parkda sakinlərin istirahəti üçün geniş imkanlar yaradılıb. 

İ.Əliyev Dövlət Neft Şirkətinin “Azərikimya” İstehsalat Birliyinin “Kimyaçı” Mədəniyyət Sarayında əsaslı təmirdən sonra yaradılan şəraitlə də tanış olub.  Mədəniyyət Sarayı 1986-cı ildə istifadəyə verilib. “Kimyaçı” Mədəniyyət Sarayında təsviri və tətbiqi incəsənət, əl ilə toxuma dərnəkləri fəaliyyət göstərir.

Saat 12:15

Sumqayıtda Bayraq Muzeyinin açılışı olub. Açılışda prezident İlham Əliyev də iştirak edib.

Bayraq Muzeyi Sumqayıt Dənizkənarı Bulvarın ərazisində yerləşir. Muzeyin məhz bu ərazidə inşa edilməsi şəhər sakinləri ilə yanaşı, qonaqların da buranın eksponatları ilə tanış olması üçün imkan yaradır.

Saat 11:47

Bu gün prezident İlham Əliyev Sumqayıta səfəredib. Dövlət başçısı ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov prezidentəşəhərdə görülən işlər barədə ətraflı məlumat verib.

Daha sonra dövlət başçısı Sumqayıt Kimya Sənaye Parkında görülən işlərlə tanış olub, yeni müəssisələrin təməlqoyma və açılış mərasimlərində iştirak edib. Parkın rezidenti olan “STP” Məhdud Məsuliyyətli Cəmiyyət müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış zavodlar kompleksidir. “SOCAR Polymer” Məhdud Məsuliyyətli Cəmiyyətinin illik istehsal gücü 180 min ton polipropilen və 120 min ton yüksək sıxlıqlı polietilen təşkil edəcək. Bu, son 40 ildə öz növünə və miqyasına görə Azərbaycanın neft-kimya sənayesində həyata keçirilən ən böyük layihələrdən biridir.

Sumqayıt Kimya Sənaye Parkının rezidentləri arasında “Alco Lubricant Company” Məhdud Məsuliyyətli Cəmiyyət də var. Burada il ərzində avtomobil, hava və dəniz nəqliyyatında, kənd təsərrüfatı, sənaye və energetikada istifadə olunan müxtəlif növ yüksək keyfiyyətli 30 min ton sürtgü yağlarının istehsalı nəzərdə tutulub. Almaniya texnologiyası əsasında yaradılan müəssisədə 100 nəfər daimi iş yeri ilə təmin olunacaq.

Prezident parkın ərazisində “AzerFloat” Qapalı Səhmdar Cəmiyyətinin termoformasiya metodu ilə şüşə istehsalı zavodunun təməlini qoyub, “Gilan Sənaye Qrupu”na daxil olan “Aqrokimya Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyətinin pestisidlər istehsalı zavodunun birinci mərhələsinin, “STDC” Məhdud Məsuliyyətli Cəmiyyətinin Məlumatların Emalı, Qeydə Alınması və Ötürülməsi Mərkəzinin açılışında iştirak edib.