Mübariz Mənsimov məhkəmədə ifadə verib

15 Sentyabr, 2020 17:28 | Siyasət | Baxış sayı: 230
Mübariz Mənsimov - “Palmali” şirkətinin sahibi
Mübariz Mənsimov - “Palmali” şirkətinin sahibi

Türkiyədə həbs olunan azərbaycanlı iş adamı, “Palmali” şirkətinin prezidenti Mübariz Mənsimov məhkəmə prosesində ifadə verib. 

İstiPress-in  məlumatına görə,  27-ci İstanbul Ağır Cəza məhkəməsində proses saat 14:30-dən sonra başlayıb. 

Qeyd edək ki, Mübariz Mənsimova dəstək məqsədilə bu gün 27-ci İstanbul Ağır Cəza məhkəmə binasının qarşısında aksiya keçirilib. Aksiyada iştirak edələr sırasında sıravi vətəndaşlarla yanaşı, tanınmış simalar da yer alıblar. Hal-hazırda ictimai fəal Elçin Lənbəranski, teleaparıcı Lalə Mustafayeva, əməkdar artist Mehriban Xanlarova, müğənni Nazənin, bəstəkar Sevinc Tofiqqızı, o cümlədən müğənni Firuzə İbadova fəallığı ilə seçiliblər.

“Məhkəmə binasının qarşısında həm Türkiyədən, həm də Azərbaycandan mübarizsevərlər yığışıb, ona dəstək olurlar. Onlar inanırlar ki, haqq-ədalət öz yerini tapacaq və Mübariz müəllim azadlığa qovuşacaq”, – bir ictimai fəal deyib.

Müğənni Firuzə İbadova isə deyib: "Bura Mübariz müəllimə dəstək olmaq üçün yığışmışıq. İnanıram ki, haqq yerini tapacaq və Mübariz müəllim azadlığa buraxılacaq. Biz də bu xəbəri sevinclə qarşılayacağıq. İntizarla məhkəmənin bitməsini və müsbət qərar çıxmasını gözləyirik”. 

M.Mənsimovun ictimaiyyətin diqqətində olmasına səbəb daha çox xeyriyyə əməlləriylə diqqət çəkməsi olub. Belə ki, hər il ənənəvi olaraq azərbaycanlı tələbələrə ildə iki dəfə olmaqla tələbəni dəstəkləmək və təşviq etmək üçün təqaüd proqramı təqdim edib. Bu proqrama əsasən Şəhid, Qarabağ müharibəsi veteranları və məcburi köçkün ailələrindən olan tələbələrə üstünlük verilib. Hazırda Türkiyədə 20.000 minə yaxın tələbə bu təqaüd proqramından yararlanır.

Aktyor və rejissor Mahsun Kırmızıgül də Mübariz Mənsimova "İnstagram" hesabından dəstək verib. Kırmızıgül yazıb: "Ədalət və qanun varsa, dostum Mübariz bu gün azad olacaq".