Bakının erməni işğalından azad edilməsi günü

15 Sentyabr, 2020 10:45 | Siyasət | Baxış sayı: 44
Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olur - 15 sentyabr 1918-ci il
Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olur - 15 sentyabr 1918-ci il

Bu gün Bakının erməni işğalından azad olunmasından 102 il ötür.  

İstiPress-in məlumatına, 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və general Həbib bəy Səlimovun rəhbərlik etdiyi Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad edib. Bununla da həm Azərbaycanın müstəqilliyi təmin olunub, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.

Nuru Paşa və Qafqaz İslam Ordusu
Nuru Paşa və Qafqaz İslam Ordusu

1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyinin elan olunmasına baxmayaraq, ölkə ərazisinin bir hissəsi - Bakı və ətraf rayonlar erməni-bolşevik işğalı altında idi. Bunsuz isə Azərbaycanın dövlət müstəqilliyi təsəvvür oluna bilməzdi. Müstəqilliyə təzə qovuşmuş, beynəlxalq aləmdə hələ tanınmayan gənc dövlətimizin ərazi bütövlüyünü təmin etmək imkanları hələ yetərincə deyildi. Belə bir şəraitdə özünün çox ağır durumuna rəğmən, Osmanlı Türkiyəsi qardaş Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunu Azərbaycana göndərdi.

Bakıya qəti hücumda iştirak etmək üçün təxminən 8000 Osmanlı əsgəri və 7000 nəfərə qədər Azərbaycanın yerli qüvvəsi toplanır. Azərbaycan korpusu o vaxt polkovnik olan, Nuikolay Akademiyasını bitirmiş yeganə müsəlman hərbçi Həbib bəy Səlimov tərəfindən 1918-ci ilin iyun ayında baş vermiş Göyçay döyüşlərinin gedişində yarandı, korpusun əsasını Tiflis, Qazax və Gəncədən gəlmiş mindən çox döyüşçü ilə yanaşı Ərəş, Göyçay və Şəki qəzalarından toplanmış 3 minə könüllü təşkil etdi. Daha sonra Şamaxı, Salyan, Quba və Bakı qəzalarında qoşulmuş könüllülər hesabına say 7000-ə qalxdı. Nuru Paşa ingilislər tərəfindən komandanlıqdan uzaqlaşdırıldıqdan sonra sayı 40 minə qədər qalxmış Azərbaycan ordusunun komandanı Həbib bəy Səlimov oldu. Həbib bəy Səlimov Bakıdan sonra Lənkəranda rus və ermənilərin elan etdiyi Muğan Sovetini dağıtdıqdan sonra Lənkəran qəzasının könüllüləri hesabına Azərbaycan ordusunun sayı  artmışdı.  1920-ci ilin mart ayında Qarabağda Əsgəran döyüşlərində erməni üsyanını uğurla yatırdığına görə general rütbəsi almış Həbib bəy Səlimov artıq 40 minlik ordunun komandanı idi.

1918-ci il sentyabrın 15-də Bakı uğrunda gedən döyüşlər isə belə baş vermişdi. Gecə saat 2-də 5-ci Qafqaz tüməni Heybət-Biləcəri dəmiryolu istiqamətində irəliləməyə başlayır. 1-ci Bakı müdafiə xətti saat 03:00, 2-ci Bakı xətti isə 06:00-da ələ keçirilir. Hücuma hazırlaşan düşmən topçu atəşi ilə dağıdılır. Hücumun əsas qəhrəmanı olan 56-cı alay strateji təpələri ələ keçirib qarşısındakı düşməni təqib edərək irəliləyir. 15-ci alay sərt Biləcəri yamaclarını tutur, həmin alaya mənsub Maştağa dəstəsi Sabunçunu ələ keçirir. Azərbaycan könüllüləri Keşlə stansiyasını tutur. Açıq savaşdan qaçan ermənilər şəhər daxilində məhəllə, ev davasına keçirlər. Sanki mart soyqırımını təzələmək istəyirlər.

Sentyabrın 14-də General Denstervill və Sentrokaspi Diktaturası hökuməti, Bakı kоmissarları Bakıdan qaçır.

Sentyabrın 15-də Gəncədə “Azərbaycan” qəzetinin ilk sayında Bakının azad edilməsi haqqında xəbərlər dərc edilir:

“Azərbaycan Xalq Cümhuriyyəti adına Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa həzrətlərinin teleqramı: “Bismillahir rəhmanir rəhim! Bakı şəhəri 15.09.1918-ci il, saat 09-a işləmiş igid ordu hissələrimiz tərəfindən azad olundu”.

Osmanlı ordusu Bakının azad olunması üçün həyata keçirdiyi hərbi əməliyyatlarda 1130 şəhid verdi.

Sentyabrın 15-də Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakını işğalçılardan azad etdi. Bu tarixi hadisədən sonra sentyabrın 17-də Azərbaycan Xalq Cumhuriyyəti hökumətinin paytaxtı Gəncədən Bakıya köçürüldü.

Bakının bolşevik-daşnak işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir.

Bakının işğaldan azad edilməsində şəhid olmuş Qafqaz İslam Ordusu əsgərlərinə abidə - Bakı, Şəhidlər Xiyabanı
Bakının işğaldan azad edilməsində şəhid olmuş Qafqaz İslam Ordusu əsgərlərinə abidə - Bakı, Şəhidlər Xiyabanı