Mehriban Əliyeva qızı ilə Şamaxıda FOTOLAR

15 Sentyabr, 2019 10:13 | Siyasət | Baxış sayı: 112
Mehriban Əliyeva Cümə məscidində
Mehriban Əliyeva Cümə məscidində

Birinci vitse-prezident məktəb açıb, Cümə məscidində, zəlzələ qurbanının evində olub

Ötən gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Şamaxı və İsmayıllı rayonlarında səfərdə olub. M.Əliyevanın səfəri şamaxıdan başlayıb. Onu Heydər Əliyev Fondunun vitse prezidenti Leyla Əliyeva da müşayiət edib. Onlar ilk olaraq Məlikçobanlı kəndindəməktəbin açılışında iştirak ediblər.

Yeni məktəb 3 mərtəbədən ibarətdir və 460 şagird yerlikdir. Bina bütün inventar və avadanlıqlarla təchiz edilib. Ərazi yaşıllaşdırılıb.

Daha sonra onlar Şamaxı Cümə məscidini ziyarət ediblər. Məscidin imamı Mərhəmət Mustafayev ziyarətə gələnlərin bu müqəddəs ocağın yenidən bərpa olunmasını minnətdarlıqla xatırladıqlarını bildirib. İmam  Mehriban Əliyevaya müqəddəs Qurani-Kərim hədiyyə edib. 

Cümə məscidində bərpa və yenidənqurma işlərinə 2010-cu ilin martında başlanılıb. 2013-cü il mayın 17-də Prezident İlham Əliyev məscidin açılışında iştirak edib. Beləliklə, bu məscid təkcə Şamaxı sakinlərinin deyil, ölkəmizə gələn qonaqların da ziyarət etdiyi müqəddəs məkanlardan biridir.

Mehriban Əliyeva Şamaxıya səfəri çərçivəsində şəhərin Şirvanşah İbrahim küçəsi 26 ünvanında yaşayan Hicran İsmayılovaya məxsus, bu il fevralın 5-də və 6-da baş verən zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş evin yerində Heydər Əliyev Fondu tərəfindən inşa edilən evdə yaradılan şəraitlə tanış olub.

Daha sonra onlar Muğanlı kənd sakini Zamiq Səfərova məxsus, zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş evin yerində inşa olunan evə baxıblar.

Qeyd edək ki, həmin zəlzələ zamanı Şamaxı ilə yanaşı, İsmayıllı və Ağsu rayonlarında da fərdi evlər qəzalı vəziyyətə düşmüş, sosial və infrastruktur obyektlərinə ziyan dəymişdi. Təbii fəlakətdən sonra Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən zəlzələnin fəsadlarının dərhal aradan qaldırılmasına başlanıldı. Bu məqsədlə dövlətimizin başçısının imzaladığı müvafiq Sərəncamla Prezidentin Ehtiyat Fondundan vəsait ayrıldı. Prezident İlham Əliyevin sentyabrın 12-də və 13-də imzaladığı sərəncamlara əsasən isə Ağsu və Şamaxı rayonlarında yaşayış evlərinə dəyən ziyanın aradan qaldırılması işlərinin davam etdirilməsi məqsədilə bu rayonların hər birinə 2 milyon manat vəsait ayrıldı.

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin nümayəndələri də zəlzələdən dərhal sonra təbii fəlakətdən zərərçəkən ərazilərdə olub, yeraltı təkanların vurduğu fəsadları araşdıraraq sakinlərin müraciətlərini qeydə alıblar.