XİN Mnatsakanyanın cavabını verdi: “Halva, halva deməklə ağız şirin olmaz!”

15 Avqust, 2019 08:50 | Siyasət | Baxış sayı: 54
Azərbaycan Xarici İşlər Nazirliyi
Azərbaycan Xarici İşlər Nazirliyi

Mnatsakanyan Paşinyanın Xankəndində dediklərini təkrarlamışdı

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan təxribaşçı çıxışının cavabını verib. XİN rəsmisi Leyla Abdullayeva bildirib ki, Mnatsakanyan Nikol Paşinyanın Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhərində səsləndirdiyi absurd bəyanatı bir daha təkrarlaması əslində onu beynəlxalq birlik, xüsusilə də ATƏT-in Minsk Qrupu həmsədrləri qarşısında pis vəziyyətə salır. Həqiqətən də, bu cür məsuliyyətsiz ritorika nəinki beynəlxalq hüquqa və beynəlxalq vasitəçilərin mövqeyinə tamamilə ziddir, eyni zamanda münaqişənin sülh yolu ilə tənzimlənməsinə yönələn bütün səyləri heçə endirə bilər.

"Ermənistan tərəfinin əsl simasının üzə çıxması və maskalarının atılması danışıqlar prosesinin pozulmasına yönələn Ermənistan hökumətinin rəsmi mövqeyinə beynəlxalq təsisatların diqqətinin cəlb edilməsi üçün ciddi əsas təşkil edir".

Onun sözlərinə görə, Azərbaycan Xarici İşlər Nazirliyi, BMT və ATƏT-in Baş katiblərinə, habelə ATƏT-in Minsk Qrupunun həmsədrləri və bu Qrupun digər üzv ölkələrinin xarici işlər nazirlərinə məktublar ünvanlayaraq burada N.Paşinyanın bəyanatları səbəbindən meydana gələn təhlükəli vəziyyətlə bağlı artıq mövqe bildirib.

"Biz Ermənistan tərəfinə ATƏM Nazirlər Şurasının 24 mart 1992-ci il tarixli qərarı, həmçinin ATƏT MQ həm-sədrlərinin mandatı ilə diqqətlə tanış olmalarını israrla tövsiyə edirik. Bu sənədlərdə münaqişənin sülh yolu ilə tənzimlənməsinə nail olmaq üçün lazımi tədbirlər dəqiq təsbit olunur. Münaqişənin sülh yolu ilə həlli silahlı təcavüzün nəticələrinin tanınmasına əsaslanmamalı, əksinə - BMT Nizamnaməsinə, Helsinki Yekun Aktının müddəalarına, BMT Təhlükəsizlik Şurasının və ATƏT-in qərarları üzərində qurulmalıdır. Sonda Şərqdə işlədilən bir atalar sözünü xatırlatmaq istərdim: “Halva, halva deməklə ağız şirin olmaz!”, - L.Abdullayeva qeyd edib.

Xatırladaq ki, Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan baş nazir Nikol Paşinyanın avqustun 5-də Xankəndindəki çıxışı zamanı səsləndirdiyi təxribatçı bəyanatları dəstəkləyib. Paşinyan avqustun 5-də Xankəndində demişdi: “Artsax (Dağlıq Qarabağa verilən qondarma ad) Ermənistanın ayrılmaz tərkib hissəsidir, nöqtə.”

XİN başçısı isə bildirib ki, baş nazir Ermənistanın mövqeyini dəqiq formalaşdırıb. Deyilənlərə nəsə əlavə etməyə ehtiyac yoxdur.