Ermənistan Azərbaycanın daha 6 rayonunu tutmaq istəyir

15 İyun, 2017 11:57 | Siyasət | Baxış sayı: 6036
Azərbaycanın ballistik raketləri
Azərbaycanın ballistik raketləri

“Daşnaksutyun” sensasion açıqlama ilə çıxış edib

“Daşnaksutyun” partiyasının “Hay dat”, yəni erməni məsələsi üzrə Kiro Manoyan Naxçıvan Muxtar Respublikasına qarşı iddia ilə çıxış edib.

İstiPress-in məlumatına görə, məsələyə xüsusi məqalə həsr edən «Lragir»də Kiro Manoyanın aşağıdakı sözləri yer alıb: 

“Ermənistan Naxçıvanın güclə Azərbaycana birləşdirilməsi və onun beynəlxalq statusu barədə məsələ qaldırmalıdır”.

Kiro Manoyan iddia edib ki, iyunun 12-də Naxçıvanda başlamış birgə Azərbaycan - Türkiyə hərbi təlimlərini şərh edən Karo Manoyan iddia edib ki, bu, Ermənistanın Naxçıvan tərəfindən təzyiq altında saxlanmasının İran və Ermənistana nümayişidir.

Ümumiyyətlə, Naxçıvanda yerləşmiş Əlahiddə Azərbaycan Ordusu erməni şərhçilərin yuxusuna haram qatıb. Bu qorxu xüsusilə Beynəlxalq Böhran Qrupu tərəfindən yayılan məruzədə Azərbaycanın Naxçıvanda ballistik raketlər yerləşdirməsi vurğulanandan sonra daha da artıb.

“Azərbaycan və Türkiyə artıq bir neçə dəfədir ki, nümayiş etdirirlər ki, Naxçıvandan yalnız Qarabağ deyil, həm də Ermənistan hədəfə götürüləcək”, - deyə “Lragir”in məqaləsində bildirilir.

Naxçıvan 1921-ci il oktyabrın 13-də Türkiyənin Qars şəhərində bir tərəfdən RSFSR, Ermənistan SSR, Azərbaycan SSR və Gürcüstan SSR, yəni sovet dövləti, digər tərəfdən isə Türkiyə arasında bağlanmış müqavilə əsasında Azərbaycanın tərkib hissəsi kimi tanınıb. Müqavilədə həm də göstərilir ki, Azərbaycan Naxçıvanı üçüncü dövlətə güzəştə gedə bilməz.

Azərbaycan 1918-ci ildə (qəhvəyi rənglə tanınmış ərazilər, ştrixlə mübahisəli ərazilər)
Azərbaycan 1918-ci ildə (qəhvəyi rənglə tanınmış ərazilər, ştrixlə mübahisəli ərazilər)

Göründüyü kimi, Ermənistan bu müqavilənin qüvvədən salınmasına çalışır. Lakin Azərbaycanın keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli İstiPress-ə müsahəbəsində ermənilərin bu bəyanatlarını mənasız söz yığını adlandırıb:

“Ermənilər bu məsələdə heç bir uğur qazana bilməzlər. Onların iddiası ilə Azərbaycana qarşı heç bir hüquqi araşdırma tətbiq edilə bilməz. Yəni bu, beynəlxalq hüquqa ziddir”.

Politoloqun fikrincə, ermənilər bu barədə bəyanatları səsləndirəndə sadəcə həyasızlıqla ara qatmaq istəyirlər:

“Biz də onların qarşısında bir qədər zəiflik göstəririk. İndiyə qədər Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etdiyini beynəlxalq müstəvidə sübut edə bilməmişik. Onlar Naxçıvandan danışanda biz də Azərbaycan Xalq Cumhuriyyəti ilə Ermənistan arasında İrəvanın icarəyə verilməsi barədə anlaşmanı ortaya çıxarmalıyıq. Sovet illərində də müəyyən Azərbaycan əraziləri Ermənistana güzəştə gedilib, Zəngəzurun və Göyçənin verilməsi ilə bağlı sənədlər var. Biz bu sənədləri ortaya çıxararaq erməniləri susdurmalıyıq”, - deyə Qabil Hüseynli vurğulayıb.

Bütün bunlar öz yerində. Amma Azərbaycan hərbi baxımdan da Naxçıvanın müdafiəsinə hazır olmalıdır. Çünki Ermənistan 1990-cı illər Qarabağ kimi Naxçıvanı da işğal etmək niyyətində idi. O vaxt SSRİ hərbi-sənaye nazirliyində işləyən bir rus hərbçinin söylədiyinə görə, Qorbaçovun ermənipərəst ətrafının xeyir-duası ilə ermənilərdən ibarət  80 minlik ordu düzəldilib və Vazianidə təlim keçilib. Həmin ordu Kürlə Arazın arası - Naxçıvan, Gəncə, Qarabağ bu ordu tərəfindən işğal edilməli idi. Bölgədən Moskvanın tələbi ilə azərbaycanlılardan ov tüfəngləri belə yığılmışdı. Amma Azərbaycan xalqı bundan duyuq düşmüşdü və könüllü dəstələr bu hücumun qarşısını almağa hazırlaşırdı.

31 dekabr 1989-da hərbçilərin Naxçıvanda İranla sərhədi açması da ermənilərin hücum planı ilə bağlı idi. Plana görə, ermənilər hücum edəcəkdi və Naxçıvan camaatı qaçıb İrana keçəcəkdi, yəni Naxçıvan işğal ediləcəkdi. Amma elə olmadı və erməniləri Sədərəkdə Xalq Cəbhəsinin silahlı dəstələri qarşıladı, 300-dən çox erməni öldü və başı pozuq erməni dəstələri geri İrəvana qaçdılar. Bu cür fitnələr bir daha təkrar oluna bilər.

Çingiz RÜSTƏMOV / İstiPress