ABŞ İranın üstünə 120 minlik ordu göndərir?

15 May, 2019 09:11 | Siyasət | Baxış sayı: 132
ABŞ ordusu
ABŞ ordusu

"Düzdür, mən bu addımı ata bilərdim, amma..."

ABŞ Yaxın Şərqə 120 minlik ordu göndərmək niyyətində deyil. Bunu prezidenti Donald Tramp deyib. Ağ ev rəhbəri keçirdiyi brifinqdə ötən gün yayaılan informasiyaları təkzib edib. 

"Yalan xəbərdir. Düzdür, mən bu addımı ata bilərdim. Ancaq bizim belə planımız yoxdur. Ümid edirəm ki, bənzər plan hazırlamayacağıq. Yox əgər məcbur olsaq onda daha çox hərbçi göndərərdik". 

Xatırladaq ki, ABŞ İranı çəkindirmək üçün Yaxın Şərqə 120 minlik kontingent göndərməyə hazırlaşdığı barədə məlumat yayılmışdı. Bunu “The New York Times” qəzeti Pentaqondakı və Ağ ev administrasiyasındakı mənbələrə istinadən yazıb. 

İddiaya görə, yenilənmiş planı müdafiə nazirinin səlahiyyətlərini icra edən Patrik Şanahan mayın 9-da ABŞ prezidenti Donald Trampın təhlükəsizlik üzrə əsas müşavirlərinin görüşündə təqdim edib.  Bu plan İran silahlı qüvvələri Amerika hərbçilərinə hücum etməsi və ya Tehran nüvə silahı əldə etməyə yönəlmiş fəaliyyətini artırması halında gerçəkləşəcək. Lakin planda söhbət İrana birbaşa quru müdaxiləsindən getmir, Pentaqonda deyirlər ki, bunun üçün daha çox sayda hərbçi lazım gələrdi.

Ötən gün Soçidə Rusiyanın XİN rəhbəri Sergey Lavrov ilə ABŞ dövlət katibi Maykl Pompeo arasında görüş baş tutub. Burada 120 minlik ordu məsələsi də müzakirə mövzusu olub və qeyd edilib ki, yayaılan xəbər həqiqətə uyğun deyil.