İlham Əliyev İstiPress-in qabartdığı məsələyə qarışdı (FOTO)

15 Aprel, 2017 14:37 | Siyasət | Baxış sayı: 1118
"Ovçular evi" ərazisində söküntü
"Ovçular evi" ərazisində söküntü

Prezident 54 ağaca görə Bakıda bina tikintisini dayandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə Yasamal rayonu, Mətbuat prospektində yerləşən "Ovçular evi" ərazisində yaşayış binasının tikintisi dayandırılıb. İstiPress-in məlumatına görə, bu barədə prezidentin Mətbuat Xidməti informasiya yayıb. Buna səbəb tikinti aparan şirkət tərəfindən ərazidəki 54 ağacın qanunsuz olaraq kəsilməsi və ərazidəki yaşıllığın tamamilə məhv edilməsidir.

Tikinti yerindəki məlumat lövhəsinə görə, Yasamal rayonunda qeyd olunan ünvanda “Böyük Plaza” yaşayış və ticarət mərkəzinin tikintisi aparılırdı.

Lakin tikintini həyata keçirən şirkət mövcud qanunları pozaraq ərazidə ağacları qanunsuz olaraq ağır texnika ilə məhv edib. Məsələ ətraf binalarda yaşayan sakinlərin ciddi narazılığına səbəb olub. Ərazidə aparılan tikinti zamanı yol verilmiş qanunsuzluqlar və ağacların kəsilməsinə ölkə prezidenti İlham Əliyev kəskin reaksiya göstərmiş, tikinti işlərinin dərhal dayandırılması və məsələnin nəzarətə götürülərək araşdırılması barədə göstəriş verib. 

Ərazidə kəsilən ağaclar
Ərazidə kəsilən ağaclar

Yasamal rayonu, Mətbuat prospektində əraziyə baxış keçirən Ekologiya və Təbii Sərvətlər Nazirliyi ağacların məhv edilməsi barədə akt tərtib edib və yaşayış binasının tikintisini həyata keçirən şirkət 130 min manat məbləğində cərimələnib və fakt üzə cinayət işi açılıb.

Ölkəmizdə yaşıllıqların salınması, ekoloji vəziyyətin yaxşılaşdırılması üçün tədbirlərin görülməsi, qanunsuz ağac kəsilmələrinə qarşı müxtəlif tədbirlər aparılması, ağacəkmə aksiyalarının keçirilməsinə baxmayaraq, mövcud yaşıllıqların məhv edilməsi, ağacların qanunsuz kəsilməsi təbii ki yolverilməzdir.

Prezident İlham Əliyev dəfələrlə ağacların qanunsuz olaraq kəsilməsinin yolverilməz olduğunu və bu qanunsuzluqlara qarşı daim ciddi tədbirlər görülməli olduğunu, belə hallara yol verən şəxslərin məsuliyyətə cəlb edilməli olduğunu bildirib. O, hələ 2014-cü ildə Nazirlər Kabinetinin iclası zamanı xəbərdarlıq edib: "Biz ekoloji vəziyyətlə bağlı məsələləri daim diqqət mərkəzində saxlayırıq. Ancaq ictimaiyyəti də, məni də narahat edən məsələ ağacların kəsilməsi məsələsidir. Buna yol vermək olmaz. Hesab edirəm ki, biz burada daha da ciddi məsuliyyət tətbiq etməliyik. Ağackəsmə tam şəkildə dayandırılmalıdır. Ancaq nadir hallarda, o da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi ilə haradasa ağac ya köçürülə, ya kəsilə bilər. Ona görə mən dəfələrlə bu məsələlərlə bağlı öz fikrimi bildirmişəm. Deyə bilərəm ki, vəziyyət əvvəlki illərə nisbətən daha da müsbətdir. Ancaq biz istədiyimizə tam şəkildə nail ola bilməmişik. Gecə vaxtı gəlirlər, qanunsuz olaraq ağacları kəsirlər, yerləri düzəldirlər ki, ev tiksinlər. Bu, vicdansızlıqdır, bu, biabırçılıqdır, bu, cinayətdir.

Ona görə aidiyyəti qurumlar təklif versinlər, biz ağacları kəsənlərə qarşı daha da ciddi tədbir görməliyik. Onlar məsuliyyətə cəlb edilməlidir. Bir daha demək istəyirəm ki, şəhərdə bir dənə də olsun ağac Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsi, rəyi olmadan kəsilə bilməz. Bu, mənim son xəbərdarlığımdır”.

"Ovçular evi"nin ərazisində söküntü

Xatırladaq ki, bu məsələni yeganə və ilk olaraq İstiPress qabardıb. Məhz İstiPress "Ovçular evi"nin söküldüyünü və söküntü zamanı ərazidəki ağacların qanunsuz olaraq kəsildiyi barədə fotofaktlara əsaslanan material hazırlayıb. 

Hadisə yerində olan əməkdaşımız iri gövdəli ağacların necə kəsildiyini lentə alıb. Kadrlardan da görünür ki, Bakının mərkəzində yenə “yaşıl soyqırımı” gedir, ağaclar kəsilir, yerində tikinti işləri aparılır.

Qeyd edək ki, ərazidə yaşayış binaları kifayət qədər sıx yerləşib və yeni tikinti işləri aparmaq üçün ancaq ağacları kəsməklə boş yer əldə etmək olardı. Əldə etdiyimiz məlumata görə, ərazidə güman ki, yeni bina tikilməyəcək.  

Prezident İlham Əliyev və vitse-prezident Mehriban Əliyeva ağac əkir
Prezident İlham Əliyev və vitse-prezident Mehriban Əliyeva ağac əkir