Azərbaycanın şimal şəhərində yeni mer

15 Mart, 2020 13:14 | Siyasət | Baxış sayı: 362
Xudat şəhəri
Xudat şəhəri

Əvvəlki icra nümayəndəsi fevralın 12-də öz ərizəsi ilə işdən kənarlaşdırılıb

Xudata yeni mer gəldi.

İstiPress-in şimal bürosunun məlumatına görə, Xaçmaz İH başçısı Elnur Rzayev 20 minə yaxın əhalisi olan Xudat şəhərinə yeni nümayəndə təyin edib.

Başçı Rzayevin əmrilə Yalama Milli Parkının direktoru Budaq Əliyev Xudat şəhərinə rəhbər vəzifəsinə gətirilib. Uzun illərdir - 29 ildir Ekologiya və Təbii Sərvətlər Nazirliyində müxtəlif vəzifələrdə çalışan Budaq Əliyev məlumatı İstiPress-in şimal bürosuna təsdiqləyib:

"Başçı Elnur Rzayevin mənə  göstərdiyi yüksək etimadı doğrultmağa çalışacağam. Xudat şəhərində görülməli işlər həddindən çoxdur.Ən əvvəl şəhərin təmizluk məsələsindən başlamışıq. N.Nərimanovun abidəsi yerləşən parkın müasir tərzdə yenilənməsi nəzərdə tutulub. Rayon rəhbərliyinin bununla bağlı planı var. Şəhərin su-kanalizasiya sisteminin yenilənməsi bu gün Xudatda həllini gözləyən ən vacib məsələdir. Elnur Rzayev sistemin yenidən qurulması üçün  lazımi dövlət qurumları ilə iş aparır. Mən də çalışacağam ki,bütün bu işlərin həllində öz qüvvə və bacarığımı ortaya qoyum."

Budaq Əliyev bu vəzifəyə qədər 10 il Yalama meşə mühafizəsi və bərpası müəssisəsinin rəisi, 7 il Yalama Milli Parkının direktoru vəzifələrində çalışıb. Xudatın əvvəlki icra nümayəndəsi Akif Mərdanov isə fevralın 12-də öz ərizəsi ilə işdən kənarlaşdırılıb.