Diplomatiyada yeni səhifə - Mehriban Əliyevanın Fransa səfəri

15 Mart, 2019 09:01 | Siyasət | Baxış sayı: 30
Mehriban Əliyevanın Fransa səfəri
Mehriban Əliyevanın Fransa səfəri

Səfər görüş və danışıqların yüksək səviyyəsi ilə yadda qaldı

Birinci vitse-prezident Mehriban Əliyevanın martın 11-12-də Fransa Respublikasına səfəri proqramının zənginliyi, görüş və danışıqların yüksək səviyyəsi ilə yadda qaldı. Azərbaycan-Fransa əlaqələrinin inkişafı baxımından mühüm əhəmiyyətə malik olan bu səfər diplomatiya tariximizə yeni səhifə kimi yazıldı. Səfər, eyni zamanda, dünya və Avropa ictimaiyyətində Azərbaycan barədə müsbət imicin formalaşmasından, ölkəmizə və şəxsən Mehriban xanım Əliyevaya böyük diqqət və hörmətdən, nəhayət, Birinci vitse-prezidentin diplomatik məharətindən xəbər verir.

Fransa ilə əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətində həmişə prioritet istiqamətlərdən biri olub. Fransa ilə münasibətlərin inkişafı istər siyasi-iqtisadi və humanitar baxımdan, istərsə də ermənilərin anti-Azərbaycan təbliğatının neytrallaşdırılması nöqteyi-nəzərindən müstəsna əhəmiyyət daşıyır. 

Birinci vitse-prezident Mehriban Əliyevanın uğurlu Paris səfəri, yüksək səviyyəli görüşləri və danışıqları, ilk növbədə, bu praqmatik, milli maraqlara xidmət edən siyasətdən qaynaqlanır.

Əminliklə deyə bilərik ki, Fransa-Azərbaycan münasibətlərində yeni səhifə açan bu səfər qarşılıqlı əlaqələrin inkişafına ciddi töhfə verdi. Bu gün beynəlxalq miqyasda söz və nüfuz sahibinə çevrilən, etibarlı tərəfdaş kimi qəbul edilən Azərbaycanla əlaqələrin genişlənməsində dünyanın bütün inkişaf etmiş ölkələri kimi, Fransa da maraqlıdır. Bunu Mehriban xanımın Parisdə keçirdiyi bütün görüşlərdə Fransanın yüksək vəzifəli rəsmiləri də xüsusi vurğulayırdılar.

Birinci vitse-prezident Mehriban Əliyevanın Fransaya səfəri iki dövlət arasında mədəni əlaqələrin inkişafı baxımından da çox əhəmiyyətlidir. Bu və digər məsələlər Fransanın birinci xanımı Brijit Makron ilə görüşdə müzakirə edildi. Brijit Makron qədim Azərbaycan mədəniyyəti incilərinin populyarlaşdırılması və beynəlxalq ictimaiyyətə çatdırılması işində Mehriban Əliyevanın müstəsna rolunu yüksək qiymətləndirdi.

Fransada keçirilən bütün görüşlərdə Azərbaycanın bir nömrəli problemi olan Dağlıq Qarabağ münaqişəsi də xüsusi diqqət yetirilən mövzulardan idi. Birinci vitse-prezident Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ölkəmizin prinsipial mövqeyini fransız hakimiyyətinin yüksək dairələrinə bir daha çatdırmaqla, ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi nizamlanma prosesində Fransanın məsuliyyətinin xatırladılması üçün səfərin yaratdığı bütün imkanlardan istifadə etdi.

Bütövlükdə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Fransaya səfərini əlamətdar hadisə kimi səciyyələndirmək olar. Bu səfər, heç şübhəsiz, bütün istiqamətlər üzrə dövlətlərarası əlaqələrin inkişafında, o cümlədən ölkəmizin Avropa İttifaqı ilə yaxınlaşmasında, Azərbaycanın Aİ-yə inteqrasiyasında müstəsna rol oynayacaq.