Prezident xatirələrini danışdı: "Mehriban xanımdan xahiş edirdik bizə yemək bişirirdi" FOTO

15 Yanvar, 2020 08:43 | Siyasət | Baxış sayı: 376
Prezident Xoşbəxt Yusifzadənin yubileyində
Prezident Xoşbəxt Yusifzadənin yubileyində

Xoşbəxt Yusifzadənin 90 illiyindən maraqlı görüntülər

"Xoşbəxt müəllimlə biz 25 ildir ki, bir-birimizi tanıyırıq. Bütün dövrlərdə bizim çox sıx səmimi yoldaşlıq münasibətlərimiz olubdur. Biz yol yoldaşı olmuşuq və 1994-cü ilin yay aylarında “Əsrin kontraktı”nın hazırlanması üçün son danışıqlar prosesində iştirak etmişik".

Ötən gün görkəmli neftçi-alim və geoloq, SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə mərasim keçirilib. Mərasimdə prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva da iştirak edib. 

Prezident çıxışı zamanı geoloq ilə olan xatirələrini bölüüşüb. O, qeyd edib ki, X.Yusifzadə ilə Amerikanın Hyuston şəhərində bir aydan çox qalıb. "Danışıqlar çox gərgin keçirdi, bir çox problemlər var idi. Hər iki tərəf istəyirdi ki, özü üçün ən məqbul şərtləri əldə etsin. Nəticə etibarilə biz hesab edirəm ki, çox məqbul kompromisə gələrək, Azərbaycan üçün ən gözəl şərtləri əldə etdik. O şərtlər bugünkü pay bölgüsündə öz əksini tapıb. Bu gün mənfəət neftinin 75-80 faizi Azərbaycana çatır. Baxmayaraq ki, Azərbaycan yatağın işlənməsinə vəsait qoymayıb. O vaxt biz müqaviləyə belə bir maddə saldıq ki, vaxt keçdikcə işləyən insanların ən azı 90 faizi Azərbaycan vətəndaşları olmalıdır, buna da nail olduq. Bu da kadr hazırlığı deməkdir. Bu gün yaxşı təlim keçmiş kadrlar müxtəlif ölkələrdə işləyirlər, bizdə işləyirlər. Ona görə unudulmaz Hyuston mərhələsi, əlbəttə ki, çox önəmli idi. Çünki biz qayıdandan sonra bir ay keçməmiş kontrakt imzalandı və beləliklə, inkişafımızın yeni səhifəsi açıldı. O vaxt biz bir ailə kimi idik. Yadınızdadır, biz “Apart” otelində qalırdıq, orada mətbəx var idi. Yumşaq desək, otelin yeməklərindən bir qədər yorulmuşduq. Ona görə Mehriban xanımdan xahiş edirdik bizə yemək bişirirdi, qonaq edirdi. Bu, unudulmaz günlərdir və biz bu günləri həmişə xatırlayırıq. Onu da bildirməliyəm ki, Xoşbəxt müəllimlə biz Dövlət Neft Şirkətində qonşu olmuşuq, qapımız bir-birinin yanında idi. İkimizin bir qəbul otağımız var idi və hər gün görüşürdük. 

Mən bir çox şeyləri Xoşbəxt müəllimdən öyrəndim. Hələ o vaxt Neft Şirkətində işlədiyim dövrdə və ondan sonra bir çox hallarda görürdüm ki, Xoşbəxt müəllim nə qədər bilikli adamdır. Onu da bilirdim ki, ulu öndər Heydər Əliyev Xoşbəxt müəllimə, onun sözünə çox inanırdı. Yəni, onun sözü mütləq həqiqət hesab olunurdu və bir çox hallarda bu, təsdiq edilmişdir.

Xatırlayıram ki, 1997-ci ildə “Abşeron” yatağı üzrə kontrakt imzalanandan sonra seysmik işləri aparılmışdı və kəşfiyyat quyusunun yeri müəyyən edilmişdi. Xoşbəxt müəllim də o vaxt xarici tərəfdaşlara demişdi ki, onlar quyunun yerini səhv seçiblər, orada heç bir ehtiyat olmayacaq. Onlar da dedilər ki, yaşlı kişidir, bizim seysmik qurğularımız, mütəxəssislərimiz, minlərlə işçimiz, milyardlarla dollar ticarət dövriyyəmiz var, kapitallaşdırmamız 10 milyardlarla ölçülür. İndi bir geoloq burada nə isə deyir. Əhəmiyyət vermədilər və peşman oldular. Çünki onlar Xoşbəxt müəllimə qulaq asmadılar, quyunu qazdılar və o da boşa çıxdı. Beləliklə, müqaviləyə xitam verildi və onlar da məcbur olub Azərbaycandan, o yataqdan çıxdılar. Amma ondan bir neçə il sonra başqa bir şirkət “Abşeron” yatağına maraq göstərdi. Yenidən kontrakt imzalandı, kəşfiyyat quyusunun yeri düzgün seçildi və böyük ehtiyatlar aşkarlandı".

Prezident İlham Əliyev
Prezident İlham Əliyev

Onun sözlərinə görə, hələ o vaxt - 1990-cı illərdə Xoşbəxt müəllim deyirdi ki, “Abşeron” yatağında ən azı 300 milyard kubmetr qaz var. "Onu haradan bilirdi deyə bilmirəm, amma bu gün artıq həyat bunu təsdiqlədi. Eyni nəticəyə xarici şirkət də gəldi və biz “Abşeron”dan 1,5 milyard kubmetr həcmində ilk qazı bu ilin sonunda, ya da ki, gələn il alacağıq. Bu, özlüyündə bir göstəricidir. Xoşbəxt müəllimin sözləri ilə desək, o, Xəzər dənizinin cikini də, bikini də bilir.

Belə hadisələr çoxdur, vaxtı gəldikcə mən bunları açıqlayacağam. Bir daha demək istəyirəm ki, Xoşbəxt müəllim gözəl insandır, gözəl alimdir, gözəl mütəxəssisdir. Bu gün ona təqdim ediləcək ən ali mükafat bir daha onu göstərir ki, Azərbaycan dövləti və xalqı Xoşbəxt müəllimin fəaliyyətini yüksək qiymətləndirir.

Buraya gələrkən baxıb gördüm ki, Xoşbəxt müəllimdə Azərbaycanın yalnız “Vətənə xidmətə görə” ordeni yoxdur. Onu da saxlamışam 95 illik yubileyinə.

Mehriban Əliyeva
Mehriban Əliyeva