DSX: Qazaxda erməni təxribatının qarşısı alındı

15 Yanvar, 2020 18:56 | Siyasət | Baxış sayı: 109
Sərhədçi
Sərhədçi

İri çaplı silahlardan və snayper tüfənglərindən intensiv atəşə tutulub

Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax və Ağstafa rayonları istiqamətində müdafiə və mühafizəsini həyata keçirən Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları davam edir.

İstiPress-ə DSX-dan verilən məlumata görə, 15 yanvar tarixində saat 16:00 radələrindən başlamaqla Qazax rayonunun Məzəm kəndi istiqamətindəki sərhəd döyüş məntəqələrimiz və Qazax rayon mərkəzindən Məzəm kəndinə gedən avtomobil yolu Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndi yaxınlığında yerləşən Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən iri çaplı silahlardan və snayper tüfənglərindən intensiv atəşə tutulub.

Düşmən təxribatının qarşısı alınıb, sərhəd döyüş məntəqələrimizə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub.