Ukrayna bloger Elvin İsayevi Azərbaycana deportasiya etdi

14 Dekabr, 2019 15:22 | Siyasət | Baxış sayı: 163
İsayev Elvin
İsayev Elvin

İsayev Penitensiar xidmətin 1 saylı istintaq təcridxanasına yerləşdirilib

Azərbaycan vətəndaşı, 1980-ci il təvəllüdlü İsayev Elvin İltixam oğlu Ukraynada miqrasiya qanunvericiliyinin tələblərinin pozulmasına görə qayıdış şəhadətnaməsi əsasında Azərbaycana deportasiya edilib.

Dövlət Miqrasiya Xidmətindən verilən məlumata görə, E.İsayevin mövcud vəziyyəti ilə əlaqədar zəruri ehtiyaclarının ödənilməsi üçün DMX-yə müraciəti təmin olunaraq könüllü tibbi müayinədən keçirilməklə müvəqqəti sığınacaqla təmin edilib.

Eyni zamanda, Azərbaycanın Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq edilən cinayət işi üzrə barəsində Nəsimi rayon məhkəməsinin 22 avqust 2019-cu il tarixli qərarı əsasında seçilmiş həbs qətimkan tədbiri ilə əlaqədar E.İsayev dekabrın 14-də Penitensiar xidmətin 1 saylı istintaq təcridxanasına yerləşdirilib.

Qeyd edək ki, 39 yaşlı Elvin İsayev bloqer kimi fəaliyyət göstərib. E.İsayev "YouTube"da Milli Məclis deputatlarının və dövlət xadimlərinin ünvanına xoş olmayan və hörmətsiz ifadələr işlətməklə məşhurlaşıb.

O, 24 avqustda hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.