Ərdoğan Trampla 1 saatdan çox nə danışdı?

14 Noyabr, 2019 09:15 | Siyasət | Baxış sayı: 62
R.T.Ərdoğan və D.Tramp
R.T.Ərdoğan və D.Tramp

"Erməni tərəfinə təklif etdiyimiz ortaq komissiya hələ də qüvvədədir"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Donald Tramp arasında Ağ Evdə görüş baş tutub. İkitərəfli görüş 1 saat 15 dəqiqə davam edib. Daha sonra hər iki dövlət başçısı mətbuat nümayəndələrinin qarşısına çıxıblar.

Türkiyə lideri bildirib ki, Suriyada əməliyyat başlayan zaman amerikalı həmkarının ona göndərdiyi məktubu Trampın özünə qaytarıb. "Özəlliklə Fərhad Abdi Şahin adlı terrorçunun Amerika kimi bir ölkənin prezidenti tərəfindən qəbul edilməsini təəssüflə qarşıladığımı dedim. Şahin yüzlərlə insanın öldürülməsinə vəsilə olan bir terrorçudur və hazırda həbsdə olan Aponun da "mənəvi oğlu"dur.  Hətta CİA-nın da bu adamın terrorçu olmasına dair vermiş olduğu sənədləri də təqdim etdim. 

Türk-Amerika əlaqələrinin güclü və sağlam formada inkişaf etməsi, əməkdaşlığımızın dərinləşməsi mövzularında həmfikirik. 

Tarixi məsəslələri belə təhrif edərək önümüzə ikili münasibətlərdə dinamit effekti yaradacaq yeni problemlər qoymağa cəhd edənlər var.  Nümayəndələr Palatasının oktyabrın 29-da qəbul etdiyi qərar da bu amala xidmət edir. 104 il öncə savaş zamanı baş verən hadisəyə siyasətçilər yox, tarixçilər qiymət verməlidirlər. Bizim bu məsələdə alnımız ağ, başımız dikdir. Türkiyə bu məsələdə dialoq və müstəqil müzakirələrdən yanadır. Erməni tərəfinə təklif etdiyimiz ortaq komissiya təklifi hələ də qüvvədədir. Biz bütün arxivlərimizi açmışıq. Hər an bunları görə, araşdırma apara bilərlər".

Ərdoğan Suriya problemindən də danışıb. O, bildirib ki, hazırda ölkəsi 4 milyona yaxın qaçqına ev sahibliyi edir. "Bu insanlar üçün öz büdcəmizdən 40 milyard dollardan çox vəsait xərcləmişik. Avropa isə bu ana qədər söz verdiyi halda təəssüf ki, 3 milyard avroluq dəstək verib".

Tramp ilə müzakirə etdikləri 100 milyard dollarlıq ticarət dövriyyəsi planınından da bəhs edən Türkiyə prezidenti bildirib ki, siyasi və ticari məsələləri bir-birinə qatmaq olmaz. 

Ərdoğan iki ölkə arasında problemə səbəb olan S-400 kompleksi barədə suallara da cavab verib. O, qeyd edib ki, S-400 və F-35 proqramı başda olmaqla bu sahədə qarşıya çıxan problemlərin öhdəsindən ancaq dialoqla gəlmək olar. "Hörmətli dövlət başçısına sərfəli şərtlərlə "Patriot" ala biləcəyimizi təkrar dedim". 

ABŞ lideri də həmkarı ilə səmərəli görüş keçirdiyini deyib. "Ərdoğan Türkiyə üçün möhtəşəm iş görür. "Kürdlərlə bağlı heç bir problemimiz yoxdur. Problem terror təşkilatları ilədir. Prezident Ərdoğanın da küdrlərlə çox yaxşı münasibəti var".