Almaniyada azərbaycanlılara qarşı əməliyyat - tutulanlar var YENİLƏNİB, SİYAHI

14 Noyabr, 2019 10:00 | Siyasət | Baxış sayı: 201
Almaniya polisi
Almaniya polisi

7 nəfər barəsində 6 ay müddətinə həbs qətimkan tədbiri seçilib

Ötən gün Almaniyanın 6 əyalətində 38-dən çox ev və iş yerlərinə basqın zamanı Azərbaycanın 7 vətəndaşı saxlanılıb. Almaniyada qanunsuz miqrasiya işləri ("miqrant alveri") ilə məşğul olmaqda şübhəli bilinən cinayətkar dəstənin saxlanılan üzvləri barəsində yerli federal məhkəmələr tərəfindən 6 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Barələrində həbs qətimkan tədbiri seçilən şəxslər aşağıdakılardır:

1. Elçin Əkbərov - Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrinin sabiq rəisi,

2. İlham Həsən - Müsavat Partiyası Avropa Koordinasiya Mərkəzinin (Müsavat AKM) sədri, Kəlbəcər rayonunun sabiq icra başçısı,

3. Mehdi Xəlilbəyli - Müsavat partiyasının üzvü, Müsavat AKM sədrinin müavini,

4. Abdin Cavadov - Müsavat AKM-in üzvü,

5. Əlövsət Əliyev - “Leqat” inteqrasiya mərkəzinin rəhbəri, sabiq polis rəisi,

6. Rəşad Məmmədov - Mehdi Xəlilbəylinin sürücüsü,

7. Elşən Abdullayev - Müsavat Partiyasının üzvü

Qeyd edək ki, ötən gün Almaniyada polis "miqrant alveri" ilə məşğul olan azərbaycanlılardan ibarət dəstəyə qarşı əməliyyat təşkil edib.

Federal Kriminal polis ölkənin Nidersaksen, Şlezviq-Holşteyn, Bremen, Şimali Reyn Vestfaliya, Bradenburq və Reynland-Pfalts əyalətlərində 38-dən çox ev və iş yerlərinə basqın edib.

Obyektlərdə aparılan yoxlamalar zamanı çoxlu sayda xarici ölkə vətəndaşlarına aid pasportlar, viza çap edən xüsusi aparatlar, nağd pul və silah tapılaraq götürülüb.

Saxlanılan Azərbaycan vətəndaşlarının evlərinə baxış zamanı çoxlu sayda Azərbaycan Respublikasına aid milli pasport, müxtəlif siyasi partiyalara aid üzvlük vəsiqələri, arayışlar, Azərbaycanın hüquq-mühafizə orqanlarına aid möhür və ştamplar, eyni zamanda ümumilikdə 21 min avro nağd pul vəsaitini maddi sübut kimi götürüb.

Aparılan araşdırmalar zamanı müəyyən olunub ki, azərbaycanlılardan ibarət cinayətkar dəstə sonuncu dəfə 20 Azərbaycan vətəndaşını 3 min və 10 min avro qarşılığında saxta sənədlərlə təmin edərək, onların qanunsuz yolla Almaniyaya gəlmələrinə kömək ediblər.

Həbs edilənlərdən Ə.Əliyev 2015-ci ildə ailəsi birlikdə Almaniyaya mühacirətə gedib. O, Almaniyanın Düsseldorf şəhərində “Leqat” inteqrasiya mərkəzini təsis edərək bu ölkədə yaşan miqrant və mühacirlərə hüquqi xidmət göstərib.

2003-cü ildə Azərbaycandan gedərək Almaniyadan sığınacaq alan M.Xəlilbəyli isə ötən illər ərzində qanunsuz miqrant alveri ilə məşğul olan mütəşəkkil cinayətkar dəstənin üzvü olub. /report /

Saat 08:31

Almaniyada miqrant alveri ilə məşğul olan azərbaycanlılardan ibarət dəstənin iki üzvü saxlanılıb. Almaniya Federal Daxili İşlər Nazirliyinin məlumatında deyilir ki, Federal Kriminal Polis ölkənin Nidersaksen, Şlezviq-Holşteyn, Bremen, Şimali Reyn Vestfaliya, Bradenburq və Reynland-Pfalts əyalətlərində 38-dən çox ev və iş yerlərinə basqın edib.

Obyektlərdə aparılan yoxlamalar zamanı çoxlu sayda xarici ölkə vətəndaşlarına aid pasportlar, viza çap edən xüsusi aparatlar, nağd pul və silah tapılaraq götürülüb.

Şimali Reyn Vestfaliya əyalətinin Daxili İşlər Nazirliyindən verilən məlumatda isə deyilir ki, bu əyalətdə 180-ə yaxın polisin iştirakı ilə ev və iş yerlərinə təşkil edilən basqınlar nəticəsində miqrant alveri ilə məşğul olan şəbəkənin bağlantıları müəyyən olunub.

Kriminal polisin Düsseldorf, Köln, Frankfurt və Koblenz şəhərlərində keçirdikləri əməliyyatlar nəticəsində iki Azərbaycan vətəndaşı (hələlik adları açıqlanmır-red) saxlanılıb. Polis onların ilkin ifadələri əsasında azərbaycanlılardan ibarət dəstənin izinə düşüb.

Saxlanılan Azərbaycan vətəndaşlarının evlərinə baxış zamanı orada çoxlu sayda Azərbaycan Respublikasına aid milli pasport, müxtəlif siyasi partiyalara aid üzvlük vəsiqələri, arayışlar, möhür və ştamplar aşkar olunaraq götürülüb.

Almaniya Federal Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hazırda miqrant alverçilərinə qarşı əməliyyat davam etdiyindən saxlanılanların sayı və kimlikləri barədə yaxın saatlarda ətraflı məlumat veriləcək.

Almaniyadakı mötəbər qaynaqlardan virtualaz.org-a məlum olub ki, saxlanılanlar Azərbaycan parlamentinin keçmiş deputatı Sabir Rüstəmxanlının qardaşı, DİN-in eks polkovniki Əlövsət Əliyev və Müsavat partiyasının fəalı Mehdi Xəlilbəylidir. Ən paradoksal olanı budur ki, Əlövsət Əliyev Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən də analoji cinayətlərdə ittiham olunurdu. Lakin o, Almaniyaya qaçıb və orada siyasi mühacir statusu alıb.