Azərbaycanın Qarabağ mövqeyində dəyişiklik olmayacaq

14 Noyabr, 2017 17:44 | Siyasət | Baxış sayı: 200
İlham Əliyev - YAP-ın yaradılmasının 25 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimində
İlham Əliyev - YAP-ın yaradılmasının 25 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimində

Dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi sayır

"Dağlıq Qarabağ münaqişəsinin həlli işində bizim prinsipial mövqeyimizdə heç bir dəyişiklik olmayacaq". İstiPress-in məlumatına görə, bu barədə Azərbaycan prezidenti İlham ƏliyevYeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 25 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimində deyib.

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa yolu yoxdur. Biz heç vaxt imkan verə bilmərik ki, tarixi torpağımızda ikinci erməni dövləti yaradılsın", - deyə Azərbaycan prezidenti vurğulayıb. 

İlham Əliyev bildirib ki, münaqişənin həllində beynəlxalq hüququn normaları tam tətbiq edilməlidir: "BMT Təhlükəsizlik Şurasının qətnamələri tam icra olunmalıdır, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü bərpa edilməlidir. Bu, prinsipial mövqedir. Bu mövqe tarixə və beynəlxalq hüquqa əsaslanır. Çünki Dağlıq Qarabağ bizim tarixi, əzəli torpağımızdır. Çünki bütün dünya, bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyır və ona hörmətlə yanaşır. Dağlıq Qarabağ isə Azərbaycanın ayrılmaz hissəsidir".

Ölkə başçısı vurğulayıb ki, dünya ictimaiyyəti də Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi sayır: "Bu il bunu təsdiqləyən növbəti hadisə baş vermişdir. Yenə də Ermənistanın ağılsızlığı nəticəsində Dağlıq Qarabağda keçirilmiş qanunsuz referendum bütün dünya ictimaiyyəti tərəfindən qəbul edilmədi. Həm qonşu ölkələr, Minsk qrupuna həmsədr olan ölkələr, Avropa İttifaqı və digər təşkilatlar bu referendumun nəticələrini tanımadılar. Tanımamaqla bir daha təsdiqlədilər ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir".

İlham Əliyev YAP-ın yaradılmasının 25 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimində çıxış edir
İlham Əliyev YAP-ın yaradılmasının 25 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimində çıxış edir