Sabah bu ölkə prezident seçir

14 Oktyabr, 2017 17:06 | Siyasət | Baxış sayı: 120
Qırğızıstanda prezident seçkiləri
Qırğızıstanda prezident seçkiləri

Qırğızıstanda prezident seçkiləri günü istənilən sorğuya qadağa qoyulub

Qırğızıstanda prezident seçkiləri günü səsvermə məntəqələrinin çıxışında heç bir sorğu aparmağa icazə verilməyəcək.

İstiPress Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə respublikanın Mərkəzi Seçki Komissiyasından bildiriblər. “Qırğızıstan prezidenti və parlamenti seçkiləri haqqında konstitusiya qanununa əsasən seçkilərə qədərki son 5 təqvim günündə, həmçinin seçki günü ictimai rəy sorğuları, seçki nəticələrinin proqnozları və seçkilərlə bağlı digər tədqiqatların KİV-lərdə dərc olunması qadağandır”, - deyə MSK-nın mətbuat xidmətinin nümayəndəsi qeyd edib.

Onun sözlərinə görə, ictimai rəy sorğularının nəticələrinin işıqlandırılması zamanı göstərilən tələblərin pozulması qanunvericilikdə nəzərdə tutulan məsuliyyətə səbəb olacaq. Göstərilən müddət ərzində qadağalar bütün növ ictimai rəy sorğularına, o cümlədən “exit-poll”a da aiddir.

Qırğızıstanda prezident seçkiləri oktyabrın 15-nə təyin edilib. Hazırda dövlət başçısı postu uğrunda 11 namizəd mübarizə aparır. Yerli politoloqların əksəriyyətinin fikrincə, seçkilərdə əsas mübarizə iqtidaryönlü “Sosial-demokrat partiyası”nın namizədi Sooronbay Jeenbekovla müxalif “Respublika – Ata Jurt” parlament fraksiyasının lideri Omurbek Babanov arasında gedəcək.

Qeyd edək ki, Qırğızıstanda prezident yalnız bir dəfə 6 il müddətinə seçilir. Hazırkı dövlət başçısı Almazbek Atambayevin səlahiyyətləri dekabrın 1-də sona çatır və o, təkrar olaraq namizədliyini irəli sürə bilməz.