Ağzu zəlzələsi ilə bağlı sərəncam verildi

14 Sentyabr, 2019 09:22 | Siyasət | Baxış sayı: 37
Prezident Ağsuda
Prezident Ağsuda

Prezident işlərin davamı üçün 2 milyon ayırdı

Prezident Ağsu rayonunda baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında
sərəncam imzalayıb. Sərəncamda deyilir: 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, təbii fəlakətin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsi məqsədilə qərara alıram:

1. Baş vermiş zəlzələ nəticəsində Ağsu rayonunda yaşayış evlərinə dəymiş ziyanın aradan qaldırılması işlərinin davam etdirilməsi məqsədilə həmin evlərin təmiri üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat Ağsu Rayon İcra Hakimiyyətinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.