Hamıya lazım olan Milli Qəhrəman

14 Sentyabr, 2018 20:51 | Siyasət | Baxış sayı: 399
4
4

"Çingiz Mustafayev və Azərbaycanda hərbi jurnalistika" mövzusunda yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı

“Biz Çingiz Mustafayevə  yox, Çingiz Mustafayev bizə lazımdır”.  Bu sözləri Azərbaycanın tanınmış jurnalisti, diplomat İbrahim Nəbioğlu Azərbaycan Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev adına Fond tərəfindən "Çingiz Mustafayev və Azərbaycanda hərbi jurnalistika" mövzusunda keçirilən yazı müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimini açarkən bildirib.

Milli Qəhrəmanı Çingiz Mustafayevin yaxın dostu, tanınmış jurnalist, musiqiçi, bəstəkar, şair Rasim Müzəffərli çıxış edərək mükafat üçün yazıların seçilməsi prosesindən danışıb. Onun sözlərinə görə, artıq iyulun əvvəlinə 7-8 nəfər peşəkar jurnalistdən ibarət münsiflər qrupuna 100-ə yaxın yazı təqdim edilib. Avqustun 29-a - Milli Qəhərəman Çingiz Mustafayevin doğum gününə onların içindən 15 yazı seçilib. Daha sonra bu yazılardan 3-ü həvəsləndirici mükafata layiq görülüb. 3 yazı isə birinci, ikinci və üçüncü mükafatları qazanıblar. Bu yazılar müsabiqə ilə bağlı xüsusi kitabda toplanaraq çap edilib. Kitabda Azərbaycanın tanınmış jurnalistlərinin və fikir adamlarının Çingiz Mustafayev barədə yazdığı müsabiqədən kənar məqalələr də yer alıb.

Mükafatlandırma mərasimindən əvvəl Çingiz Mustafayevin qələm və silah yoldaşları danışıblar. Tanınmış jurnalist, professor Qulu Məhərrəmli Azərbaycanda hərbi reportaj janrının yaradıcısının Çingiz Mustafayev olduğunu bildirib: “Amma Çingizin reportajları ekstremal reportajlar idi. Onun reportajları standartlara sığmırdı və bəzən Çingiz reportyorluqdan çıxırdı, bir vətənpərvərə çevrilirdi, öz milli kimliyini ortaya qoyurdu”.

Qulu Məhərrəmlinin sözlərinə görə, Çingiz Mustafayev ali məktəbdə jurnalistika dərsi keçdiyi bütün gənclərin sevdiyi qəhrəmandır, onun həyat yolu reportyor olmaq istəyən hərbi tələbə üçün örnəkdir. 

Tanınmış rejissor Oqtay Mirqasımov isə 1990-2000-ci illərdə Azərbaycanın gənclərinin başlarının üstündə Çingiz Mustafayevin şəklinin asıldığını xatırlatdı: “Biz altmışıncı - yetmişinci illərdə başımızın üstündən Hemunqeyin rəsmini asırdıq - yalnız əsərlərinə görə yox, həm də keçdiyi həyat yoluna görə, özümüzə örnək sayırdıq. Azərbaycanın indiki orta nəsli də Çingiz Mustafayevin həyat yolunu özünə örnək seçmişdi. Mən düşünürəm ki, Çingizin həyat yolu indiki gənclər üçün də örnəkdir. Buna görə Çingiz şəkillərini, posterlərin çap etmək və gənclər arasında yaymaq lazımdır”.

 

Qarabağ müharibəsində Çingiz Mustafayevin qələm və silah yoldaşı olmuş əməkdar jurnalist Mais Məmmədov isə Milli Qəhrəmanın Azərbaycan qarşısında göstərdiyi xidmətlərdən danışıb: “Çingiz olmasaydı dünya ictimaiyyəti ermənilərin Azərbaycan xalqın qarşı hansı vəhşiliklər törətdiyindən, yaşlı qadınları və qocaları, körpə uşaqları qırmalarından xəbər tuta bilməzdi. Mənim yadımdadır, Çingiz körpə meyitlərini ağlaya-ağlaya çəkirdi. Ağlayırdı, amma çəkməyə davam edirdi. O, Qarabağda yalnız jurnalistika ilə məşğul olmurdu, həm də igid bir Vətən oğlu kimi döyüşürdü”.

Çingiz Mustafayevin qardaşı, tanınmış hərbi reportyor Vahid Mustafayev isə Azərbaycanın döyüşlərdə şəhid olmuş hərbi reportyorlarını hamısını xatırlayıb: “Çingiz Mustafayev, Salatın Əsgərova, Osman Mirzəyev, Adil Bünyadov, Fərhad Kərimov, Alı Mustafayev. Bu qədər şəhid jurnalistə dünyanın ayrı heç bir ölkəsində rast gələ bilməzsiniz. Amma bununla belə, biz arxayın ola bilmərik, ön cəbhə jurnalistkasına, necə deyərlər, ekstremal jurnalistikaya hamımız hazır olmalıyıq. Çünki bizim torpaqlar hələ də işğal altındadır”,- deyə Vahid Mustafayev vurğulayıb.