Ermənilər Bakı planı

14 Sentyabr, 2018 10:26 | Siyasət | Baxış sayı: 116
Bakı - 1918-ci il
Bakı - 1918-ci il

Bakının azad olunması ilə ermənilərin şəhəri gələcək paytaxtları etmək siyasətinin qarşısı alındı

"O zaman Bakını milli şəhər statusundan çıxarmaq istəyir, ermənilər isə ona gələcək paytaxtları kimi baxırdılar. Bakının azad olunması ilə bu mənfur siyasətin qarşısı alındı və Bakı milli qüvvələrin cəmləşdiyi Azərbaycan şəhərinə çevrildi". Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov bildirib. 

Onun sözlərinə görə, 15 sentyabr 1918-ci ildə Bakı şəhərinin erməni-bolşevik işğalından azad edilməsi Azərbaycan tarixinin ən şanlı hadisələrindən biridir. Bu şanlı hadisə şəhərin daşnak quldurlarının əlindən xilas olunması və Bakının Azərbaycan xalqına qaytarılması demək idi. Uzun zaman Azərbaycan Şirvanşahlar dövlətinin paytaxtı olmuş Bakıya 1918-ci ildə yenidən paytaxt statusu verildi.

"Osmanlı-Azərbaycan hərbi əməkdaşlığı nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyi qorundu, Azərbaycan Ordusu yaradıldı və Bakı şəhəri azad edilərək Azərbaycanın paytaxtına çevrildi. Ən əsası isə 1918-ci ilin yazından başlayaraq erməni-bolşevik dəstələrinin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımlar dayandırıldı. Bakının azad edilməsi Azərbaycanın dövlətçilik tarixində çox mühüm hadisədir".

Alim bildirib ki, Bakının azad olunmasında Azərbaycan xalqının çox böyük rolu var. Düzdür, o vaxt Osmanlı dövləti bizə kömək etdi, amma o zaman xalqımız da ayağa durdu. Bu hadisədə xalq könüllülərimiz, o cümlədən zabitlərimiz, generallarımız çox böyük rol oynadı. /Trend/