"Azərbaycan Ermənistanın ən vacib və strateji dayaq nöqtəsini məhv etməyə qadirdir"

14 İyul, 2020 17:15 | Siyasət | Baxış sayı: 347
Vahid Mustafayev - ANS Şirkətlər Qrupunun prezidenti
Vahid Mustafayev - ANS Şirkətlər Qrupunun prezidenti

"Azərbaycan Ermənistanın ən vacib və strateji dayaq nöqtəsini məhv etməyə qadirdir".

İstiPress-in məlumatına görə, taqnınmış hərbi reportyor, ANS Şirkətlər Qrupunun pezidenti Vahid Mustafayevin "Facebook"dakı paylaşımı bu sözlərlə başlayır. Paylaşımı olduğu kimi sizə təqdim edirik:     

Bu arada bir çox jurnalistlərimiz və siyasətçilərimiz mənimlə təmas qurub suallar verir. Suallar da vəziyyət kimi qarışıqdır:
- Qazaxda Ermənistan tərəfindən işğal olunmuş 7 kəndimiz niyə azad olunmur? Niyə Lələtəpədə ordumuz hücumu dayandırdı? Azərbaycan ordusu Tovuzda niyə irəliləmir və Ermənistan hərbi hissələrini məhv etmir? Və s. və i.
- Düşünürəm ki, bu suallar mənə verilirsə, deməli, buna cavab verməli olan qurumlar kifayət qədər dolğun məlumat vermirlər. Bəlkə də onlardan bunu sadəcə heç kim soruşmur və ya soruşmaq ağıllarına gəlmir. Ancaq bu ərəfədə xalq tam şəkildə hər bir an məlumatlı olmalıdır, ona görə ki, sonda hər şeyə görə Xalq cavab verəcək, ayrı-ayrı fərdlər yox!
Məncə, alınacaq torpaqlarımız ayrıca götürülmüş rayon kontekstində müzakirə olunmamalıdır. Bütün işğal olunmuş torpaqlar azad olunmalıdır! Əslində, bunu qısa müddət ərzində etməyə Şanlı ordumuz da, Azərbaycanın iqtisadi durumu da imkan verir… Görünür, siyasi müstəvidə problemin həllinə əngəl törədə biləcək qüvvələr var və yəqin ki, ilk döyüş elə bu qüvvələrlə olmalıdır və ya artıq başlayıb…
Koroğlu (Azərbaycanın əfsanəvi qəhrəmanı) vaxtı ilə demişdi: “Tüfəng çıxdı, mərdlik getdi hay, haray! Artıq namərd əyyamıdır...” - çox təəssüf ki, bütün dünya bu gün həmin o tüfəngləri istehsal edənlərin hay-harayındadır…
Amma jurnalistlərin cavabsız suallarının olması normal və işgüzar vəziyyətdir. Jurnalistin borcu isə bu suallara cavabları tapıb əsas diqqəti xalqa verilən məlumatların Dəqiq, Qərəzsiz və Vicdanlı olmasına yönəltməkdir. Müharibəni xalq udur və o dəqiq bilməlidir - nəyə görə əziz və yeganə həyatını qurban verir.
Keçən gün bir sıra nüfuzlu siyasətçinin “Rusiya Ermənistana dəstək olmayacaq” kimi mülahizəsi ilə razılaşa bilmirəm. Ermənistan Rusiyanın regiondakı forpostudur və Azərbaycan və Türkiyə kimi müsəlman dövlətlərin tarixi birliyinə düşmən kəsilmiş bir qaladır. Rusiyanın Ermənistanla hərbi və bir sıra iqtisadi-siyasi sahələrdə əməkdaşlığına dair müqavilələri var. Ermənistan Azərbaycandan fərqli olaraq, Rusiya, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Belarusu birləşdirən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür və bu ölkələrin bir-birini qorumaq kimi ciddi öhdəlikləri var. Bundan əlavə, Rusiya üçün Qarabağ hələ 1932-ci ildən bəri Azərbaycanı tam nəzarətdə saxlamaq və onun təbii sərvətlərindən yararlanmaq üçün vacib alətlərdən biridir. Qafqazda Gürcüstanı itirən Rusiyanın Azərbaycanı itirmək kimi planı yoxdur və bunun qarşısını almaq üçün hər bir mövcud alətindən istifadə edəcək – siyasi şantajdan tutmuş, əyani hərbi müdaxiləyədək. Unutmayın ki, Gürcüstan Rusiyadan tam müstəqillik qazanmaq üçün Abxaziyanı itirmək kimi reallıqla razılaşdı. Belə ki, Türkiyənin bizə dəstək olacağı inandığım qədər Rusiyanın da Ermənistana həm siyasi, həm də hərbi dəstək olacağına tam əminəm. Bundan əlavə, əziz mülki və müharibə görməyən siyasətçilərimiz, dostlar və qardaşlar, unutmayın ki, müharibənin “a la guerre com a la guerre” (müharibədə müharibədəki kimi davranmalısan) kimi sərt, məntiqsiz və ağlasığmaz qaydası da var və bu məsələdə Rusiyanın hərəkətlərini hətta ruslar özləri belə dəqiq proqnozlaşdıra bilməzlər. Bütün qürurlu ömrünü rusların içində işləmiş rəhmətlik atam (1960-cı illərdə Rusiyanın Həştərxan vilayətinin Kapustin-Yar Məxfi Raket poliqonunun komandiri Fuad Mustafayev) deyərdi ki, ruslar çox gözəl millətdir, çox araq içməsə. Sonra əlavə edərdi ki, amma araq içsə də, pis millət deyil, təki içkili vəziyyətdə xəritəyə baxmasın. Amma işdir baxsa, bax burada bütün problemlər başlanır – tamamilə nəzarətsiz hala keçərək, qılıncını yuxarı qaldırıb deyir ki, bunlar hamısı mənim torpaqlarımdır və mənə məxsus olmalıdır!!!
Lakin düşünmürəm ki, bu cür mülahizələrin ümumiyyətlə bu ərəfədə yeri var… Azərbaycan torpaqları ən yüksək beynəlxalq hüquq və ictimayi təşkilatlarının qətnamələrinə əsasən, qonşu dövlət tərəfindən işğal olunub və bizim onları geri almaq kimi tarixi zərurətimiz var. Bunu etməyə bizim hüquqi-siyasi, hərbi və iqtisadi iradə və potensialımız var! Kimin xoşuna gəlmirsə, bir stəkan Sirab suyu təklif edə bilərik!
Xülasə, bu torpaqlar Azərbaycanındırsa - uğrunda Azərbaycanlılar vuruşmalıdır – və biz, Azərbaycanlı olaraq, siyasi oyunlar olmasa, Şərəflə vuruşa bilirik! Sadəcə, bunu bütün dünyaya göstərməliyik!!!
Baxın… Aprel 2016-cı il, Şərəfli Azərbaycan Əsgərləri.