Gürcüstanın yeni baş naziri o ola bilər

14 İyun, 2018 19:06 | Siyasət | Baxış sayı: 179
Mamuka Baxtadze
Mamuka Baxtadze

Gürcüstanın maliyyə naziri Mamuka Baxtadze baş nazir vəzifəsinə namizəd olub.

İstiPress-in məlumatına görə, bu barədə Gürcüstanın parlament çoxluğunun bugünkü görüşündə qərar qəbul olunub.

Qeyd edək ki, Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili ötən gün istefa verib.

M. Baxtadze 2017-ci ilin noyabrın 13-dən maliyyə naziridir. O, 2013-2017-ci illərdə “Gürcüstan dəmir yolları” SC-nin direktoru olub.

Bidzina İvanişvili
Bidzina İvanişvili

17:42

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili istefa verib. 

İstiPress-in məlumatına görə,  Gürcüstan prezidenti Giorgi Marqvelaşvili baş nazir Giorgi Kvirikaşvilinin istefasına münasibət bildirərkən Bidzina İvanişvili baş nazir seçilməsini vacib sayıb.

Dövlət başçısı ölkədəki prosesləri maskarad adlandırıb və ictimaiyyət istefanın arxasında hansı arqumentlərin olduğunu bilməlidir: "Maskarad başa çatmalıdır. Avropa ölkələrində hakim partiya sədrləri baş nazir vəzifəsini tutur. Buna müvafiq olaraq hakim partiyanın lideri Bidzina İvanişvili baş nazir olmalıdır”.

G.Kvirikaşvilinin ölkədə son günlər baş vermiş kütləvi aksiyalar nəticəsində belə qərara gəldiyi bildirilir. Kvirikaşvili 2013-cü ildən Gürcüstan hökumətinə rəhbərlik edirdi. Giorgi Kvirikaşvili vəzifədən getməsi ilə bağlı keçirdiyi brifinqdə bildirib: “Mən hər bir vətəndaşın baş naziri olmağa çalışdım. Komandadakı ovqatı gördüyümdən istənilən komanda rəhbəri kimi mən də öz vəzifəmi tərk edirəm”.

Giorgi Kvirikaşvili
Giorgi Kvirikaşvili

Gürcüstan konstitusiyasına görə, baş nazir istefa verdikdə, hökumət də buraxılır. Hakim partiya yaxın 7 gündə yeni hökumətin tərkibini prezident Georgi Marqvelaşivliyə təqdim etməlidir. O da bir həftəyə yeni kabinetin siyahısını təsdiqlənmək üçün parlamentə göndərməlidir.

Milyarder Bidzina İvanişivlinin başçılıq etdiyi “Gürcü Arzusu” Partiyası 2012-ci ilin oktyabrında keçirilən parlament seçkilərində keçmiş prezident Mixael Saakaşvilinin “Milli Birlik” Partiyasına qalib gələrək hökuməti formalaşdırmışdı.  2016-cı ildə keçirilən parlament seçkisində də 62 yaşlı milyarderin partiyası qalıb gəlmişdi. İvanişivli 2012-ci il oktyabrın 25-dən 2013-cü il noyabrın 20-dək baş nazir oldu. O, yerini 2013-cü il noyabrın 20-dən 2015-ci il dekabrın 30-dək hökumətə başcılıq etmiş İrakli Qaribaşviliyə təhvil vermişdi.

Bidzina İvanişvili 2013-cü ilin noyabrında isə siyasətdən getdiyini, vətəndaş cəmiyyətinin möhkəmlənməsi işi ilə məşğul olacağını bildirmişdi: “Mən çox səmərəli bir hökuməti qoyaraq siyasətdən gedirəm. Söz verirəm ki, azı 20 il xalqa xidmət edəcəyəm. Sizinlə birlikdə hakimiyyətin xalqa xidmət etməsi üçün çalışacağam”.

Partiyanın sədri isə İrakli Qaribaşvili oldu. Qaribaşvili istefaya göndərildikdən sonra 2015-ci il dekabrlın 30-da Giorgi Kvirikaşvili baş nazir oldu. O, eyni zamanda partiyanın sədri də seçildi.