Prezidentin köməkçisi: "Ermənistan danışıqlar prosesindən geri çəkilir"

14 May, 2020 14:55 | Siyasət | Baxış sayı: 169
Hikmət Hacıyev
Hikmət Hacıyev

Hikmət Hacıyev “EurActiv” portalına müsahibə verib

"Ermənistan öz aqressiv ritorikası ilə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə fəaliyyətinə zərbə vurur".

İstiPress-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “EurActiv” portalına müsahibəsində deyib.

Danışıqlarda irəliləyiş üçün İrəvanın konstruktiv fəaliyyətinin olmamasından təəssüfləndiyini bildirən H.Hacıyev deyib ki, Ermənistan danışıqlar prosesindən geri çəkilir.

Prezidentin köməkçisi vurğulayıb ki, münaqişənin yeganə həlli yolu Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi, Ermənistan qoşunlarının həmin ərazilərdən çıxarılması və məcburi köçkünlərin doğma yurdlarına qaytarılmasından başlayaraq mərhələli nizamlanmadır.

Onun fikrincə, Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkilər” bir daha göstərdi ki, Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qanunsuz rejim cinayətkar birləşmədən, Ermənistanın siyasi rəhbərliyinin mafioz klanının tərkib hissəsindən başqa bir şey deyil: "İşğal olunmuş Dağlıq Qarabağda gümüş mədənlərinin istismarı və qiymətli metalların qanunsuz ixracı artıq ənənəyə çevrilib. Bu sahədən qazanılan gəlir Ermənistanın siyasi rəhbərliyinin gizli fəaliyyətinin maliyyələşdirilməsi üçün istifadə olunur".