Ermənilərin aldatdığı avropalı siyasətçi Azərbaycandan üzr istədi

14 May, 2018 13:45 | Siyasət | Baxış sayı: 161
XİN
XİN

İşğal olunmuş Azərbaycan ərazilərinə qeyri-qanuni səfər etmiş Avropada Mühafizəkarlar və islahatlar Alyansının (ACRE) İdarə Heyətinin üzvü Semistoklis Astenidis Azərbaycan Respublikasının Belçika Krallığındakı səfirliyinə rəsmi məktubla müraciət edib. O, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”na salınmamasını xahiş edib.

IstiPress-ə XİN-in mətbat xidmətindən verilən məlumata görə, məktubunda S.Astenidis ACRE-nin 2017-ci ilin dekabrında Yerevanda keçirilən tədbirində iştirak etmək üçün rəsmi nümayəndə heyətinin tərkibində Ermənistana səfər etdiyini xatırladaraq işğal olunmuş ərazilərə əvvəlcədən xəbərdar edilmədən aparıldığını deyib.

Məktubda qeyd olunur: “Ermənistana səfərin tərkibi olaraq bizim yerli tərəfdaşlar nümayəndə heyəti üçün bir sıra turist proqramları hazırlamışdılar. Turizm xarakterli gəzintiyə çıxmamışdan əvvəl mən yerli tərəfdaşlarımızın bizi işğal olunmuş Dağlıq Qarabağa aparacaqları barədə tamamilə məlumatsız idim. Belə ki, yola düşəcəyimiz vaxtda məqsədyönlü şəkildə səfərin təfərrüatları qeyri-müəyyən idi və hətta etiraf edim ki, aldadıcı idi”.

S. Astenidis müraciətində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə tam şəkildə hörmət etdiyini, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu, bu səfərin heç bir halda Azərbaycan ərazilərinin qeyri-qanuni işğalının tanınması mənasını daşımadığını qeyd edərək peşəkar hüquqşünas kimi işğal olunmuş ərazilərlə əlaqədar hüquqi və siyasi həssaslıqları tamamilə anladığını vurğulayıb. O, bu əmələ görə dərin təəssüfünü dilə gətirib və bu ilin iyun ayında Bakıya səfər etmək üçün icazə verilməsini xahiş edib.

S.Astenidisin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının "arzuolunmaz şəxslər" siyahısına salınmaması barədə qərar qəbul olunub.