Türkiyə soyqırım qərarına F-35-lərlə cavab verəcək - Paşinyan qorxur

13 Dekabr, 2019 17:22 | Siyasət | Baxış sayı: 3511
"F-35"
"F-35"

Ankara İrəvana qarşı daha sərt addımlar atacaq

ABŞ Senatının erməni soyqırımını tanıması diaspor erməniləri arasında böyük sevinclə qarşılansa da,  Ermənistan hakimiyyəti tərəfindən yetərincə sükut nümayiş etdirilib. 

İstiPress-in məlumatına görə, Ermənistan müxalifətinə yaxın olan KİV-lər Hollivud aktrisası Şerdən tutmuş Rusiya jurnalistləri Tina Kandelaki və Marqarita Simonyanın göz yaşlarını təsvir etdikləri halda baş nazirə yaxın KİV-lər yetərincə təmkinli davranıblar.

Məsələn, Paşinyana yaxın olan qərbyönümlü “Lragir” portalı məsələ ilə bağlı ciddi analitka təqdim etməyib və sadəcə baş nazir Nikol Paşinyanın sözlərini dərc etməklə kifayətlənib. Paşinyansa soyqqanlıqla heç bir eyforiyaya qapılmayıb və real vəziyyətdən bəhs edib: “1915-ci il soyqırımı yox, Türkiyənin rədd siyasəti bizi başa salır ki, Türkiyənin siyasəti Ermənistan və erməni xalqı üçün təhlükə olaraq qalır. Demək olar ki, 30 ildir Türkiyə Ermənistan sərhədlərini bağlı saxlayır, bu da həmin siyasətin növbəti addımıdır”.

Paşinyan Türkiyə ilə heç bir şərt qoymadan barışmağa hazır olduqlarını bildirib: “Biz də bəyan edirik ki, Türkiyə ilə heç bir şərt qoymadan münasibətlərə hazırıq. Soyqırımın tanınması bizim Türkiyə ilə gündəliyimizin məsələsi deyil”.

Paşinyanın qayğısı başadüşüləndir - bu cür qərarlar Türkiyə ilə Ermənistan arasında uçurumu daha da dərinləşdirir və Ankara Ermənistana qarşı siyasətini daha da sərtləşdirəcək. Bundan isə ilke növbədə Ermənistan uduzacaq. Halbuki, Türkiyə əvvəllər Ermənistana qarşı çox-çox yumşaq daranırdı. Məsələn, Türkiyənin keçmiş baş naziri Ahmed Davutoğlu etiraf etmişdi ki, əgər Ermənistan Qarabağda bircə rayondan çıxdığını bəyan etsəydi, Ankara sərhədləri aça bilərdi. Sadəcə, Sarkisyanın maksimalistliyi Azərbaycanı Türkiyə nurçularının bu xəyanətindən xilas edə bildi. Milli əhvalın daha yüksək olduğu indiki hakimiyyət çətin ki, Ermənistana qarşı bir də belə yumşaq davrana.

Əksinə, baş verənlər Ankaranı bu məsələdə ABŞ-a qarşı da həddindən radikal davranmağa  məcbur edəcək. Məsələn, rusiyalı şərhçi Stanislav Tarasov “Regnum”da yazdığı məqaləsində  bildirir ki, Türkiyə ölkə daxilində S-400-lərdən və ona uyğun rus qırıcılarından ibarət müstəqil müdafiə sistemi yaradacaq. Bu isə Ankaranı Ermənistan kimi Türkiyəni düşmən sayan, ABŞ və digər supergüclərə güvənən qonşu dövlətlərə qarşı daha sərt davranmağa meylləndirəcək.

Düzdür, Tarasov daha da irəli gedərək iddia edir ki, baş verənlər Türkiyənin NATO-dan çıxması ilə nəticələnəcək. Amma bu, inandırıcı deyil, Türkiyənin NATO-dan çıxması nə Ankaranın, nə də alyans ölkələrinin gündəmindədir. İndiyə kimi Fransa və Almaniya kimi aparıcı NATO ölkeələri də uydurma erməni soyqırımını tanıyıb və bu, heç də Türkiyənin NATO-dan çıxması ilə nəticələnməyib. NATO-nun Türkiyə ərazisində onlarla obyekti var və Alyans heç zaman onların yerini dəyişməyə risk etməz. 

NATO
NATO

Türkiyənin hazırda sıx əməkdaşlıq etdiyi Rusiyayın özündə belə postsovet dövründə uydurma soyqırımın tanınması ilə bağlı iki dəfə qərar çıxarılıb. Məsələ bundadır ki, siyasətçilər tərəfindən verilən həmin qərarın  heç bir hüquqi gücü yoxdur. Hüquqi gücə malik qərar yalnız beynəlxalq məhkəmədən çıxa bilər ki, Ermənistan Türkiyənin bu məsələ ilə bağlı beynəlxalq məhkəməyə getmək təklifini qəbul etmir. Çünki ermənilər faktların onları günahkar çıxaracağından qorxurlar. Ərdoğanı sevməyən ABŞ siyasətçiləri tərəfindən verilən bu cür qərarlar, təbii ki, Ərdoğan siyasətdən getdikdən sonra unudulacaq, amma həmin qərardan qalan miras Türkiyənin Ermənistana qarşı siyasətini daha da sərtləşdirəcək.