ABŞ-ın Türkiyə qorxusu

13 Dekabr, 2017 16:05 | Siyasət | Baxış sayı: 412
S-400
S-400

Supergücü qorxuya salan Rusiya silahıdır

ABŞ Türkiyənin Rusiyadan almağa hazırlaşdığı S-400 raket kompleksi ilə bağlı narahatlığını yenidən dilə gətirib. İstiPress-in məlumatına görə, bu dəfə Dövlət katibinin kömkçisi Vess Mitcel brifinqində bu barədə danışıb. 

''Türkiyə ilə bir müttəfiqimiz olaraq çalışmağa və S-400 daxil olmaqla bir çox sahədəki narahatlıqlarımızı dilə gətirməyə davam edirik". 

Reks Tillersonun Avropa və Avrasiya işlərindən məsul köməkçisinin sözlərinə görə, hazırda Türkiyə ilə bağlı ən böyük narahatlıq işə götürdükləri yerli personalla bağlı davranışlardır. "Bu, türklərlə olan danışıqların sadəcə bir qismidir".

Xatırladaq ki, ABŞ-ın Türkiyə səfirliyinin türk işçisi FETÖ ilə əlaqədə şübhəli bilindiyi üçün saxlanılıb. Bundan sonra iki ölkə arasındakı münasibətlər gərginləşib. ABŞ türk vətəndaşlarına viza verilməsini dondurub. Türkiyə də analoji addım atıb. 

ABŞ və NATO bundan öncə də dəfələrlə Türkiyənin adıçəkilən kompleksi almasına etiraz edib. ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Key Beyli Xatçison bildirib ki, Türkiyənin bu qərarı problemlidir. "Bu qərar NATO-da həyəcana səbəb olub. Çünki bu sistem alyansın istifadə etdiyi sistemə uyğun deyil", deyə o "Washington Post"a müsahibəsində qeyd edib.

NATO isə Rusiyadan S-400 zenit-raket kompleksi alan Türkiyəni hətta hədələyib. Alyansın hərbi komitəsinin rəhbəri Petr Pavel Rusiya ilə razılaşmanın mümkün nəticələrinin ola biləcəyini deyib. "Əlbətdə ki, hərbi texnikanın alışında suverenlik prinsipi əsasdır. Ancaq ölkələr qərar verdiklərində olduqları kimi, bu qərarın nəticələri ilə qarşılaşdıqda da suveren olmalıdırlar".