Rusiya Qarabağda məhz buna görə Azərbaycanı dəstəkləyir

13 Noyabr, 2019 17:07 | Siyasət | Baxış sayı: 806

Ermənistanın keçmiş prezidentinin hamıdan öncə açdığı sirr

Lavrovun Qarabağ danışıqlarında seperatçı recimin də iştirak etməsinə tərəfdar olması barədə dedikləri Azərbaycanın siyasətinə heç bir təsir göstərməyəcək.

İstiPress-ə bu barədə politoloq Tofiq Abbasov Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvanda səfərdə olan zaman verdiyi açıqlamanı şərh edərkən bildirib.

Lavrov erməni həmkarı Zöhrab Mnatsakanyanla keçirdiyi brifinqdə çıxış edərkən “Rusiya Dağlıq Qarabağın tamhüquqlu iştirakçı kimi danışıqlar masasına qayıtması təklifinə necə yanaır?” sualına cavab olaraq bildirmişdi:

“...Və hamıya aydındır ki, Dağlıq Qarabağ “xalqının” (seçdirmə bizimdir,- red.) razılığı olmadan heç bir razılaşmanı rəsmiləşdirmək mümkün deyil. Ermənistan sadəcə olaraq onu dəstəkləməyəcək”.

Bu, həm Ermənistan, həm də Azərbaycan KİV-ləri, sosial media iştirakçıları tərəfindən Rusiyanın Qarabağ münaqişəsinien həllində Ermənistanın tərəfindən çıxış etməsi kimi dəyərləndirilmişdi. İndiyə kimi Rusiyanın hansısa siyasi və hərbi, hətta kriminal dairələri Ermənistana Qarabağ miünaqişəsində gizli dəstək versələr də, diplomatik xidmət beynəlxalq hüquq çərçivəsində çıxış edərək, münaqişə tərəflərindən bərabər məsafədə dayanmağa çalışırdı. Xüsusilə, erməni KİV-ləri bunu Ermənistanın xeyrinə  “buzun çat verməsi” kimi dəyərləndərimişdilər.

Tofiq Abbasov - politoloq
Tofiq Abbasov - politoloq

Tofiq Abbasov isə əslində bunun Erməni KİV-lərinin yaratdığı və arzu etdikləri mənzərə olduğunu bildirir: “Reallıqda Lavrovun nə dediyini kimsə bilmir - erməni mətbuatı belə yazır. İrəvan səfəri öncəsi Lavrov mətbuatı Qarabağ münaqişəsinin həlli ilə bağlı yetərincə obyektiv müsahibə vermişdi. Böyük ehtimalla, onun dediklərini erməni KİV-ləri öz xeyrlərinə “redaktə etdikdən” sonra yayıblar”.

Politoloqun sözlərinə görə, Rusiya tərəfi bunu tezliklə təkzib etməyəcək: “Lavrov İrəvana Ermənistan - Rusiya münasibətlərinin düzəlməsi üçün gedib, ona görə səfərin əks nəticə verməməsi üçün heç bir təkzib olmayacaq. Çünki onun səfərinin məqsədi Qarabağ həlli deyildi”.

Tofiq Abbasovun fikrincə, bu, Azərbaycanın Qarabağ danışıqlarında mövqeyinə və danışıqların  istiqamətinə heç bir təsir göstərməyəcək: “Keçən ay Soçidə keçirilən "Valday" Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasında çıxış edən Prezident İlham Əliyev bu məsələyə aydınlıq gətirərək bildirmişdi ki, “Dağlıq Qarabağ xalqı” anlayışı yoxdur. Dağlıq Qarabağın əhalisi var, münaqişə başlayana qədər bu, bərabər hüquqlara malik olan Azərbaycan və erməni əhalisindən ibarət idi. Yəni Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına icazə verməyəcək”.

Əslində, erməni polotoloq Levon Şirinyanın “Lragir”ə verdiyi müsahibədən aydın olur ki, Dağlıq Qarabağın Azərbaycandan qoparılaraq müstəqil dövlət kimi tanınması Rusiyanın da marağında deyil:

“Onlar (ruslar - red.) Qarabağ münaqişəsinin həllini istəmirlər. Əks halda, onlar Stalin konsepsiyasından və Rusiya yanaşmasından imtina etmiş olarlar...  Onlar sadəcə pantürkizmə görə Azərbaycanın tərəfinə tam keçmirlər. Bunu erməni tarixçiləri uydurublar ki, ruslar səhv edib, əslində isə heç bir səhv olmayıb”,- deyə Şirinyan vurğulayıb.

Qeyd edək ki, erməni siyasətçilər hələ münaqişənin ilk illərindən başa düşüblər ki, Rusiya Qarabağın Ermənistan tərəfindən işğalına hərbi yardım etsə də, onun hüquqi müstəvidə Azərbaycandan qoparılmasına icazə verməyəcək. “Lragir”in yazdığına görə, Azərbaycan torpaqlarının işğalında əsas rol oynamış prezident Levon Ter-Petrosyan bu barədə deyirmiş: “Rusiya heç zaman Qarabağın müstəqilliyini tanmayacaq, ən azından ona görə ki, öz tərkibində iyirmiyə yaxın “qarabağ” var”.