Rusiya və Azərbaycan sərhəddə əməliyyata başladı

13 Noyabr, 2017 10:15 | Siyasət | Baxış sayı: 267
"Sərhəd-sipər" əməliyyatı
"Sərhəd-sipər" əməliyyatı

Şimal rayonlarında polis postları qurulub

Bu gündən Azərbaycan və Rusiya  Daxili İşlər Nazirlikləri arasında qarşılıqlı razılaşmaya və bağlanmış sazişə əsasən hər iki ölkənin sərhədyanı ərazilərində ənənəvi sərhəd-sipər əməliyyatlarına start verilir. İstiPress-in Şimal bürosunun məlumatına görə, əməliyyatlar Azərbaycanın şimal və şimal-şərq rayonlarında - Qusar, Xaçmaz, Quba, Zaqatala, Balakən, Şəki, Qəbələdə, eyni zamanda qonşu Dağıstanın Məhərrəmkənd, Axtı, Doqquzpara rayonlarında - sərhədyanı bölgələrdə keçirilir. Əməliyyatın məqsədi cinayətkarığa, terrorçuluğa, narkobiznesə, mütəşəkkil və trans-milli cinayətkarlık kimi hallarla birgə mübarizədir. Evində saxladığı silahları könüllü olaraq polisə təhvil verən şəxsləri heç bir məsuliyyət və cəza gözləmir.Rayon polis şöbələri sərhəd-sipər əməliyyatları barədə heç bir açıqlama vermir,nəticələr sonda açıqlanacaq.

Artıq Quba, Qusar və Xaçmaz rayonlarında - sərhədyanı zonalarda bir neçə polis postu qoyulub. Rayonlara və sərhəd ərazisinə daxil olan bütün nəqliyyat vasitələri ciddi yoxlanılır.

Qeyd edək ki, Azərbaycan-və Rusiya DİN rəsmilərinin bu əməliyyatla bağlı son tədbiri bu il oktyabrın 30-da Azərbaycanın Qusar rayonunda keçirilib. Görüşdə daxili işlər nazirinin birinci müavini Vilayət Eyvazovun və Rusiya DİN-in Şimali Qafqaz Sairəsi üzrə rəhbəri Viktor Baçurinin başçılıq etdiyi nümayəndə heyəti birgə əməkdaşlıq barədə saziş imzalayaraq bu ay keçiriləcək şərti sərhəd-sipər əməliyyatlarının keçirilməsinin detallarını birgə müzakirə etmişdi.

Əməliyyat noyabrın 19-dək davam edəcək.