İki ölkənin arasını vuran, dolları bahalaşdıran adam uçub getdi

13 Oktyabr, 2018 10:22 | Siyasət | Baxış sayı: 150
E.Branson məhkəmədən sonra
E.Branson məhkəmədən sonra

Amerikalı rahib gecə saatlarında hərbi təyyarə ilə Türkiyəni tərk edib

Türkiyə ilə ABŞ arasında gərginliyə, böhrana səbəb olan amerikalı keşiş ölkəsinə göndərildi. İstiPress-in məlumatına görə, terror təşkilatları ilə əlaqədə ittiham edilərək həbs edilən Endryu Branson ötən gün məhkəmənin qərarı ilə azad edilib. Prosesdən sonra evinə yollanan rahib gecə saatlarında Türkiyəni tərk edib. O, hərbi təyyarə ilə ABŞ-a uçub.

Almaniyadan keçməklə ABŞ-a gedəcək rahib özəl təyyarəyə minmədən öncə 20 il yaşadığı Türkiyəyə mesaj da verib. "Mən Türkiyəni sevirəm, hər zaman sevdim, bundan sonra da sevəcəyəm".

Xatırladaq ki, 20 ildən çoxdur İzmirdə yaşayan amerikalı rahib Endryu Branson 2016-cı ildə dövlət çevrilişinə cəhd zamanı FETÖ hərəkatına yardım etməkdə və PKK-ya dəstək verməkdə ittiham olunaraq həbs edilib. Bu il iyulun 25-də isə ev dustağı edilib.

Rahibin həbsi iki ölkə arasındakı münasibətləri gərginləşdirib. ABŞ Türkiyəyə qarşı bir sıra sanksiyalar tətbiq edib. Bundan sonra türk lirəsi sürətlə dəyər itirməyə başlayıb və məzənnə 1 dollar üçün 4,6 lirədən 7 lirəyə kimi yüksəlmişdi. 

Rahibin məhkəməsindən öncə "The Washington Post" qəzeti iki ölkə arasında gizli razılıq əldə edildiyini, Türkiyənin üzərinə Bransonu azad etmək, Amerika administrasiyası isə Branson işi ilə əlaqədar Türkiyəyə qarşı tətbiq edilmiş məhdudlaşdırıcı tədbirləri aradan qaldırmaq öhdəlyi götürdüyü qeyd edilmişdi.