Nazirlik: Ermənistanın növbəti təxribatının qarşısı alınıb (FOTO)

13 Oktyabr, 2017 15:12 | Siyasət | Baxış sayı: 207
Frankfurt Beynəlxalq Kitab Yarmarkası
Frankfurt Beynəlxalq Kitab Yarmarkası

Mədəniyyət və Turizm Nazirliyi əməkdaşlarının səyləri sayəsində həmin xəritələr stenddən yığışdırılıb

Ermənistanın növbəti təxribatının qarşısı alınıb.

Bu barədə İstiPress-ə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

Bildirilib ki, oktyabrın 11-də Almaniyanın Frankfurt-Mayn şəhərində Frankfurt Beynəlxalq Kitab Yarmarkası işə başlayıb. Azərbaycanın ənənəvi olaraq təmsil olunduğu beynəlxalq tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşlarından və ölkəmizin nəşriyyat nümayəndələrindən ibarət heyət iştirak edir. Ölkəmizin stendində Azərbaycanın dövlətçiliyi, tarixi, mədəniyyəti və turizm imkanları ilə bağlı 380 adda 700-ə yaxın nəşr məhsulları alman, ingilis və Azərbaycan dillərində ziyarətçilərə təqdim olunur.

Məlumatda qeyd olunur ki, Ermənistanın stendində Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və digər işğal olunmuş ərazilərini qondarma “DQR” adı altında göstərən xəritələr yerləşdirilib. Amma bu çox çəkməyib. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi əməkdaşlarının səyləri sayəsində həmin xəritələr stenddən yığışdırılıb.