Prezident tapşırıq verdi -Sofiyaya təyyarə uçacaq YENİLƏNİB

13 Oktyabr, 2017 13:03 | Siyasət | Baxış sayı: 68
Bolqarıstandan gələn heyətlə görüş
Bolqarıstandan gələn heyətlə görüş

Azərbaycan və bolqar dövlət başçıları mətbuata bəyanat veriblər

Azərbaycan və Bolqarıstan prezidentləri Bakıda mətbuata bəyanatlarla çıxış ediblər. İ.Əliyev bildirib ki, Bolqarıstan və Azərbaycan dost, tərəfdaş ölkələrdir və bizim tərəfdaşlığımızın çox böyük əhəmiyyəti var. "İki il bundan əvvəl biz strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməni imzaladıq və əslində, bu Bəyannamənin adı özlüyündə bir göstəricidir. Bolqarıstan və Azərbaycan strateji tərəfdaşdırlar. Siyasi əlaqələrimiz ən yüksək səviyyədədir və bu gün əsas müzakirə mövzusu iqtisadi, nəqliyyat, energetika, turizm sahələrində və digər sahələrdə əməkdaşlığa əsaslanırdı. Bu sahədə böyük perspektivlər ola bilər. Təbii ki, qarşılıqlı ticarət dövriyyəsinin həcmi bizi qane edə bilməz. Bugünkü görüşdə müvafiq göstərişlər verilib ki, aidiyyəti orqanlar ticarət dövriyyəsinin artması ilə bağlı konkret təkliflər təqdim etsinlər.

Eyni zamanda, bu gün mən Prezidentə məlumat verdim ki, onun səfəri ərəfəsində göstəriş verilib, AZAL - Azərbaycan Hava Yolları şirkəti Bakıdan Sofiyaya birbaşa təyyarə uçuşlarını təşkil edəcək. İndi hazırlıq işləri gedir. Əminəm ki, bütün danışıqlar uğurla nəticələnəcək və tezliklə Bakıdan Sofiyaya, Sofiyadan Bakıya təyyarə reysləri açılacaq. Mən bunu da səfərin gözəl nəticəsi kimi qiymətləndirirəm.

Əlbəttə, bu gün biz energetika sahəsindəki əməkdaşlıq haqqında fikir mübadiləsi apardıq. Biz bu sahədə də strateji tərəfdaşıq. Bolqarıstan Cənub Qaz Dəhlizinin üzvüdür. Bolqarıstan Bakıda bir neçə dəfə keçirilmiş Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının iclasında həmişə yüksək səviyyədə təmsil olunub və Cənub Qaz Dəhlizinin icrası ölkələrimizi bir-birinə daha da yaxın edəcək. Bu, nəhəng transmilli layihədir. Cənub Qaz Dəhlizinin maliyyə tutumu 40 milyard dollara bərabərdir və bu layihə 7 ölkəni birləşdirir. Azərbaycanın nəhəng “Şahdəniz” yatağından qaz Avropa ölkələrinə, region ölkələrinə, o cümlədən Bolqarıstana çatdırılacaq. Əminəm ki, Azərbaycan qazı Bolqarıstanın enerji təhlükəsizliyi məsələlərinin həllində öz rolunu oynayacaq.

Bununla paralel olaraq, bu gün biz energetika sahəsində, xüsusilə qaz sahəsində növbəti əməkdaşlıq planları haqqında fikir mübadiləsi apardıq. Bir halda ki Azərbaycan qazı bir neçə ildən sonra Bolqarıstan bazarına çatdırılacaq, əlbəttə, gələcək əməkdaşlıq üçün də çox yaxşı imkanlar açılacaq.

Mən prezidenti məlumatlandırdım ki, Bakı-Tbilisi-Qars dəmir yolu yaxın vaxtlarda istifadəyə veriləcək. Bu da tarixi layihədir və əminəm ki, Bolqarıstan da bu layihədə fəal iştirak edəcək". 

Saat 11:17

Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın Bolqarıstanın dövlt başçısı Rumen Radev və xanımı Desislava Radeva ilə görüşü olub.

Daha sonra isə prezidentklərin iştirakı ilə nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirib. 

Saat 10:48

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Bolqarıstan prezidenti Rumen Radevin rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Bolqarıstan prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. 

Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bolqarıstan dövlət başçısını,  xanımı Desislava Radevanı qarşılayıblar.

Azərbaycanın və Bolqarıstanın dövlət və hökumət nümayəndələri prezidentlər və birinci xanımlar ilə görüşüblər.