"Bəzi qüvvələr Azərbaycanda sabitliyi pozurlar" - Dövlət Komitəsi

13 Oktyabr, 2017 15:45 | Siyasət | Baxış sayı: 264
Xüsusi əməliyyat
Xüsusi əməliyyat

Azərbaycanda radikalizmə qarşı bütün qurumlar ciddi mübarizə aparır

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi və Baş Prokurorluq və DİN-lə birgə bu gün Qusarda "Radikalizmin və ekstremizmin mahiyyəti və yaranma səbəbləri və onlara qarşı mübarizənin hüquqi əsasları" mövzusunda zona seminar müşavirə keçirib.

İstiPress-in şimal bürosu xəbər verir ki, seminar müşavirədə Qusar İcra hakimiyyəti rəsmiləri, bölgənin polis, prokurorluq, DTX rəsmiləri, ziyalılar, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Müşavirəni giriş sözü ilə açan Qusar icra başçısı Şair Alxasov Azərbaycanın tolerant ölkə kimi dünya miqyasında tanındığını, bunun prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasətin nəticəsində mümkün olduğunu deyib. Müşavirədə əvvəlcə bəzi zəif iradəli gənclərin Yaxın Şərqdə terror dini qruplaşmalarına qoşulmalarını, bunun nəticəsində onların ailələrinin düşdüyü çətin durumu əks etdirən, ərazi bütövlüyümüz uğrunda həlak olan şəhid gənclərimizdən bəhs edən "Şəhadət "filmi nümayiş olunub.

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov çıxışında və jurnalistlərə müsahibəsində Azərbaycanda dini durumun sabit olduğunu, amma, bəzi ermənipərəst qüvvələrin əli ilə bu sabitliyi pozmağa cəhd edənlərin olduğunu istisna etməyib. Cənab Heydərov deyib ki, tolerant ölkə olan Azərbaycanda radikalizmə qarşı bütün qurumlar ciddi mübarizə aparır və bu xətt Dini Komitənin də əsas maarifləndirmə xəttidir. Çıxışlarda qeyd olunub ki, radikalizmə qarşı hamılıqla mübarizə aparılmalıdır. Dini terror yolunu seçən bəzi zəif iradəli gənclərimiz bilməlidirlər ki, öləndə də şərəflə ölmək lazımdır, Vətən yolunda gedən Mübariz İbrahimovlar, Çingiz Qurbanovlar kimi ölmək gərəkdir, İraqdakı konsulumuz Zəki Axundovun burdakı uşaq evində tapdığı, bu gün Azərbaycana gətirilən Abdullanın İŞİD-çilər tərəfindən öldürülən valideynləri kimi yox. Nə qədər ailə və qohumları, görün, bu gənclərin ağılsızlığı ucbatından nə qədər əziyyət çəkir - deyə tədbir iştirakçılarına səsləndirilib və bu istiqamətdə davamlı işlərin aparılmasının vacibliyi vurğulanıb.

Seminar müşavirədə Baş Prokurorluğun idarə rəisinin müavini Rauf Məmmədov, DİN-in məsul əməkdaşı Oqtay Tağıyev iştirak edib.

"Şəhadət" filmi Qusar icra hakimiyyətinə təqdim olunub və rayonun iri təhsil, mədəniyyət ocaqlarında geniş nümayiş olunması qərara alınıb. Növbəti belə seminar-müşavirə terrorçuların qaçıb gizləndiyi və fəallaşdığı Dağıstanla həmsərhəd olan Zaqatala-Balakən bölgəsində olacaq.