Əliyev Putindən Ermənistana gedən hərbi yükü soruşub

13 Avqust, 2020 12:07 | Siyasət | Baxış sayı: 185
İlham Əliyev - Azərbaycan Prezidenti
İlham Əliyev - Azərbaycan Prezidenti

Azərbaycan Prezidenti İlham Əliyev  rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı zamanı iyulun 17-dən başlayaraq Ermənistana 400 tondan çox hərbi yükün daşınması məsələsini qaldırıb.

İstiPress-in məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

"Prezident İlham Əliyev Ermənistan-Azərbaycan sərhədində baş vermiş hərbi toqquşmadan dərhal sonra Rusiyadan Qazaxıstan, Türkmənistan və İran İslam Respublikasının hava məkanından istifadə edərək bu günə qədər Ermənistana daşınan hərbi təyinatlı yüklərin həcminin 400 tondan artıq olduğunu bildirmiş və telefon zənginin əsas məqsədinin bu məsələnin aydınlaşdırılması olduğunu vurğulamışdır",- deyə məlumatda bildirilir.

Məlumata görə, Prezident İlham Əliyev Prezident Vladimir Putinə iyulun 12-16-da Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi təxribat barədə məlumat verib. Dövlətimizin başçısı Ermənistanın növbəti təcavüz aktı nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının və bir nəfər mülki şəxsin həlak olduğunu vurğulayıb. Prezident İlham Əliyev Ermənistan silahlı qüvvələrinin sərhəd boyunca kəndləri və yaşayış məntəqələrini artilleriya atəşinə tutması nəticəsində bir çox evlərin dağıldığını və yararsız hala düşdüyünü bildirib.

Prezident İlham Əliyev Ermənistanın bu hərbi hücumunun əsas məqsədinin üçüncü tərəfləri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etmək olduğunu qeyd edib.