Dövlət orqanlarında iş üçün 60 yaş qadağası götürüldü - RƏSMİ MƏKTUB

13 Avqust, 2020 14:55 | Siyasət | Baxış sayı: 175
Nazirlər Kabineti
Nazirlər Kabineti

Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov 48 mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, həmçinin dövlət qurumlarının rəhbərlərinə məktub göndərib.

İstiPress-ə Nazirlər Kabinetinin Mətbuat Xidmətindən bildirilib ki, sənəddə dövlət qurumlarının rəhbərlərinə koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizənin təşkil edilməsini təmin etmək və icrasına ciddi nəzarət edilməsi ilə bağlı tapşırıqlar yer alıb.

Məktubda qeyd olunub ki, həmin dövlət orqanlarında işə cəlb edilən işçilərin sayı ən çoxu 50 faizə qədər (əvvəl bu 20 faiz idi) müəyyən edilməlidir.

Bundan başqa, dövlət orqanlarında 65 yaşdan yuxarı işçilər işə cəlb edilməməlidir.

Eyni zamanda həmin dövlət orqanlarında əməkdaşlar həftələr üzrə qrafik müəyyən edilməklə növbəlilik qaydasında işə cəlb edilməlidir.

Bu tapşırıqlar 10 avqust tarixindən 31 avqust tarixinədək 48 mərkəzi və yerli icra hakimiyyəti orqanları, həmçinin dövlət qurumlarında tətbiq edilməlidir.

Qeyd edək ki, indiyədək 60 yaşdan yuxarı işçilərin işə cəlb edilməsi qadağan idi.