Paşinyanın döyüş qabağı hazırlığı

13 İyun, 2018 20:55 | Siyasət | Baxış sayı: 945
Nikol Paşinyan
Nikol Paşinyan

Ermənistan rəhbərliyinin Putinlə görüşdən əsas tələbi

Ermənistanın yeni baş naziri Nikol Paşinyan bir neçə qurumda eyni zamanda yoxlamalara başlayıb.  

İstiPress-in məlumatına görə, yoxlamalar İrəvan meriyasında və müdafiə sahəsinə dövlət satınalmalarını əhatə edir.  Hər iki qurum Serj Sarkisyan dövründə  Qarabağ klanının əsas bazası sayılırdı. İndi belə görünür ki, Nikol Paşinyan onları yavaş-yavaş cilovlamağa çalışır.

Mətbuatdan belə görünür ki, Paşinyan bu işə bir neçə qurumu səfərbər edib. “Newsarmenia” portalının yazdığına görə, İrəvan meriyasının binasında Ermənistan Milli Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlı dəstələri əməliyyat keçiriblər və "Yerevan" fondunun fəaliyyəti ilə bağlı bütün sənədləri götürüblər. Fond İrəvanda tikinti işləri üçün ödənilən əlavə haqqın, yəni rüşvətin yığılması üçün  2007-ci ildə qeydiyyata alınıb. Fondun Xeyriyyəçilər Şurasının sədri Yerevan şəhər meri Taron Marqaryandır.

Qarabağ klanının dolanışıq tapdığı ikinci sahə isə Müdafiə Nazirliyi olub. “News.am” portalının yazdığına görə, qurumda istintaqı Dövlət Gəlirlər Komitəsi aparır. Artıq Ermənistanın keçmiş müdafiə naziri, Qarabağ klanının önəmli fiqurlarından Seyran Ohanyan da çağırılıb. Bildirilir ki, S.Ohanyan 2014-2017-ci illərdə dövlət sifarişləri və hərbi obyektlərin tikilməsi sahəsində baş verən qanun pozuntularına görə istintaqa cəlb edilib. Ermənistan ordusunun istehsalat-texniki idarəsinin keçmiş bölmə rəisi Qriqori Barseqyan iri məbləğdə dələduzluq, xidməti vəzifədən sui-istifadə, saxta sənəd hazırlamaq və rüşvətxorluqda ittiham olunaraq həbs edilib. Həmin idarənin sabiq rəisi Aşot Qriqoryana qarşı da oxşar ittihamlar irəli sürülüb.

Erməni şərhçi Akop Badalyan “Lragir”də yazdığı məqaləsində bütün bunların, həmçinin Serj Sarkisyana qarşı üsyan qaldırmış “Sasna tsrer” qrup laşmasının üzvlərinin həbsdən azad edilməsini Nikol Paşinyanın Moskva səfəri ilə bağlayıb. Paşinyan da futbol üzrə dünya çempionatının açılışında iştirak etmək üçün bu gün Moskvaya gedib. Sən demə, Badalyanın fikrinci, bütün bunlar Nikol Paşinyana Putinlə daha ötkəm danışmağa imkan yaradacaq.

Moskvada Vladimir Putinlə görüşmüş Nikol Paşinyan özünü quzu kimi aparıb
Moskvada Vladimir Putinlə görüşmüş Nikol Paşinyan özünü quzu kimi aparıb

Akop Badlayan düşünür ki, Putin Moskada Azərbaycan və Ermənistan liderlərini qeyri-rəsmi səviyyədə görüşlürəcək ki, sonradan rəsmi danışıqları davam etdirmək mümkün olsun. Əslində, Paşinyan da bu danışıqlarda iştirakda maraqlı olmalıdır. Əks halda, bu, Ermənistanın danışıqlardan çıxması sayılacaq və həmsədr ölklər Azərbaycanın müharibə hüququnu tanımağa məcbur olacaqlar.  Hələ ki, hər üç həmsədr ölkə Ermənistanı maksimum qorumağa çalışırlar.

Azərbaycana müharibə hüququnun tanınması isə Ermənistanın böyük itkilər hesabına işğal etdiyi əraziləri heç bir diplomatik üstünlük əldə etmədən itirməsi deməkdir. Bu, həm də Ermənistanı böyük sosial və demoqrafik problemlərlə üz-üzə qoya bilər. Ola bilər ki, Ermənistan tamamilə boşalaraq özü-özünü ləğv etmiş olar.

Elə bu səbəbdən Moskvada bu gün Rusiya prezidenti Vladimir Putinlə görüşmüş Nikol Paşinyan özünü quzu kimi aparıb və Rusiya ilə Ermənistanın xüsusi münasibətləri olmasından balladalar ifa edib. Yəni heç də bir ay qabaq Rusiya əleyhinə radikal çıxışlar edən məxməri inqilab liderinə bənzəməyib. Özünü Serj Sarkisyandan da gülünc əl uşağı kimi aparıb.