Əliyevlə görüşən Ərdoğandan ABŞ və NATO-ya soyuq duş

13 İyun, 2018 10:12 | Siyasət | Baxış sayı: 668
S-400
S-400

"Əgər lazım olarsa..."

"Əgər ehtiyac yaranarsa Ankara Rusiyadan aldığı S-400 raket kompleksini istifadə etməyə hazırdır". İstiPress-in məlumatına görə, bunu Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan deyib. 

"Biz S-400-ləri anbarda saxlamaq üçün almırıq. Lazım olarsa istifadə edəcəyik. Bu müdafiə sistemidir. İstifadə etməsək nəyə lazımdırlar? Yenə ABŞ-ın əlinə baxmalıyıq?".

Ərdoğan qeyd edib ki, Ankara bir neçə il bənzər silahı əldə etmək üçün ABŞ-a müranciətlər edib. Lakin hər dəfə rədd cavabı alıb. Türkiyə isə bundan artıq bezib. 

"Rusiya bizim sorğumuza kifayət qədər cazib təkliflə cavab verdi. Onlar hətta ortaq istehsala da hazır olduqlarını dedilər". 

Ötən gün TANAP-ın açılışını edən, Azərbayacan prezidenti İlham Əliyevlə bir araya gələn R.T.Ərdoğan mədəniyyət mərkəzində bəzi media qurumlarının əməkdaşları ilə görüşüb. 

Xatırladaq ki, Türkiyənin Rusiyanın ən güclü hərbi qurğusunu əldə etməsi ABŞ və NATO-nun ciddi narahatlığına səbəb olub. Bu alqı-satdıdan sonra ABŞ dəfələrlə S-400-lərin əvəzində alternativ təklif irəli sürə biləcəyini deyib. NATO isə Rusiya texnikasının alyansın sistemləri ilə uyğun olmayacağını bəyan edib. Onlar hətta Türkiyəni müxtəlif sanksiyalar, "F-35" qırıcıları ilə bağlı proqramdan çıxarıla biləcəyi ilə də hədələyiblər.

Bütün bu hədələrlə, etirazlara baxmayaraq Türkiyə ilə Rusiya arasında alqı-satqı haqqında razılaşma imzalanıb.