Azərbaycan üçün ən əlverişli erməni prezident

13 Aprel, 2018 14:49 | Siyasət | Baxış sayı: 1327
Ermənistan ordusu işğal edilmiş Azərbaycan torpağında
Ermənistan ordusu işğal edilmiş Azərbaycan torpağında

Ermənistan ordusunu geri çəkir, sərhədlər açılır…

Aprelin əvvəli Azərbaycan və Ermənistan üçün yadda qalan olub -  Azərbaycanda İlham Əliyev böyük səs çoxluğu ilə yenidən ölkə prezidenti seçilib. Ermənistanda ciddi etirazlara səbəb olsa belə, Serj Sarkisyan da parlamentin vasitəsi ilə özünü baş nazir edəcək. Görəsən, bu, Qarabağ münaqişəsinin həllinə təsir edə bilərmi?

İstiPress-in bu sualla müraciət etdiyi politoloq  Fikrət Sadıqov Qarabağ danışıqlarında ciddi dəyişiklik olmayacağını bildirib:

“Sarkisyan baş nazir seçilərsə, yenə də səlahiyyətlər onda olacaq. Çünki indiki prezident heç bir gücü olmayan nominal bir vəzifə sahibi olacaq. Real güc isə yenə də əvvəlki kimi Qarabağ klanının əlində olacaq”.

Fikrət Sadıqovun fikrincə, Qarabağ danışıqlarında irəliləmə olması üçün ermənilər Qarabağ klanı ilə vidalaşmalıdırlar:

“Klan hər vəchlə Dağlıq Qarabağ danışıqlarını dondurmağa çalışır, onlar Qarabağı işğal altında saxlamaq naminə Ermənistanı hər cür fəlakətə sürükləyib müstəqilliyini qurban verməyə hazırdırlar. Ermənistanın başına Levon Ter-Petrosyan kimi bir adam gəlməlidir, 1997-ci ildə o, danışıqlara - qoşunları çıxarıb, əraziləri işğaldan azad etməyə hazır idi. Nə qədər ki, Qarabağ klanı var, bu klan erməni xalqına yox, kənar qüvvələrə xidmət edəcək və münaqişənin həllində heç bir irəliləmə olmayacaq”.

Madrid prinsiplərinə əsasən Azərbaycanın işğal olumuş ərazilərinin mərhələli şəkildə azad olunması
Madrid prinsiplərinə əsasən Azərbaycanın işğal olumuş ərazilərinin mərhələli şəkildə azad olunması

Əslində, bu fikir bir sıra erməni siyasətçiləri tərəfindən də səslənir. Məsələn, Avropa Erməni Şuraları forumunun sədri Aşot Qriqoryan “1in.am”a müsahibəsində bildirib ki, Sarkisyanın hakimiyyətdə qalması Ermənistandan mühacirətin davam etməsi demək olacaq və bu da ermənilər üçün böyük fəlakətlə nəticələnəcək:

“Sistem Ermənistanın əhalisi 1 milyondan aşağı düşəndə mütləq dəyişəcək, onda biz yenidən qışqırmağa başlayacağıq”.

Ola bilər ki, nə vaxtsa bu cür düşünənlər doğrudanda da ictimai rəydə aparıcılıq edib Qarabağ klanının Ermənistanı düçar etdiyi fəlakətləri ermənilərə başa sala biləcəklər. Bəlkə də, Serj Sarkisyan reallıqla barışıb fərdi ambisiyalarını milli maraqlara qurban verəcək və indiyə kimi razılıq verdiyi həll variantlarının - Madrid prinsiplərinin, Kazan danışıqlarının gerçəkləşdirilməsinə şərait yaradacaq. Bu, Azərbaycan üçün müharibə etmədən Qarabağ problemini həll etməyə imkan yaratdığı kimi, Ermənistanı da labüd ölümdən xilas edə bilər.