Nikol Paşinyandan qəfil müharibə riski

13 Mart, 2020 16:51 | Siyasət | Baxış sayı: 3171
Nikol Paşinyan işğal olunmuş Azərbaycan ərazilərində
Nikol Paşinyan işğal olunmuş Azərbaycan ərazilərində

Azərbaycan Ermənistan baş naziri ilə bağlı ayıq davranmalıdır

Bir vaxtlar Qərbin adamı kimi tanınan Nikol Paşinyan indi terrordan, ruspərstlikdən tutmuş faşistlərlə əməkdaşlığa qədər müxtəlif istiqamətlərdə ad çıxarmış daşnaklarla gizli danışıqlara başlayıb.

İstiPress-in məlumatına görə, bu barədə Rusiyanın “Vestnik Kavkaza” portalında erməni müəllif Mamikon Babayan yazıb.

Müəllif Nikol Paşiyanın bu adı pis çıxmış partiya ilə əməkdaşlığa getməsinin qiymətini də öyrənib. Sən demə, Nikol Paşiyan Konstitusiya Məhkəməsinin üzvlərinin taleyini müəyyən edəcək 5 aprel referendumundan istədiyi nəticələri çıxarmaq istəyir. Yəni erməni inqilabının narıncı lideri bu demokratik qurumu da ləğv edərək daşnakvari diktatora çevrilməyi qarşısına məqsəd qoyub.

Bunun qarşılığında isə daşnaklara Konstitusiya Məhkəməsində bir-iki yer verə bilər. Onların təmsilçilərinin nazirliklərə və idarələrə də yerləşdiriləcəyi ehtimal edilir.

Daşnaklara bu qədər yaxınlaşan Paşinyanın digər bir istəyi erməni diasporu ilə yaxın əlaqələr qurmaqdır. Sirr deyil ki, erməni diasporu arasında ən populyar partiya daşnaklardır. Bu da Paşinyanın Ermənistanda rahatlıqla hökmdarlıq etməsinə şərait yaradacaq. Yəni diaspor Ermənistanda növbəti rəngli inqilabın keçirilməsinə pul ayırmayacaq.

Levon Ter-Petrosyan və Nikol Paşinyan
Levon Ter-Petrosyan və Nikol Paşinyan

Son vaxtlar belə görünür ki, Paşiyan artıq ənənəvi görüşlərindən 180 dərəcə uzaqlaşıb. Vaxtilə Levon Ter-Petrosyanı öz lideri sayan, onun Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycanın nəzarətinə qaytarılması ilə bağlı fikirlərini dəstəkləyən, bu barədə hətta kitab yazmış Nikol öz keçmiş liderini saxtakar adlandırıb. “İravunk” qəzetinin yazdığına görə, bu, Levon Ter-Petrosyanı çox əsəbləşdirib və o, Nikola qarşı əlində olan kompromatları aça biləcəyini vurğulayıb.

Bütün bunlar göstərir ki, Azərbaycan bu qeyri-adekvat siyasətçinin addımlarını diqqətlə izləməlidir. Daşnaklara qoşulan Nikol onlar kimi “dənizdən dənizə Ermənistan” xəyalına düşə bilər. Bu isə daha yeni Azərbaycan əraziləri tutmaq üçün qəfil hücum riskidir. Azərbaycanın dövləti və ordusu bu təhlükə qarşısında ayıq olub, vəziyəti diqqətlə izləməlidir.