Qalib Rauf Arifoğlu parlament seçkilərinin nəticələrinin ləğvini tələb edir

13 Fevral, 2020 14:57 | Siyasət | Baxış sayı: 278
Rauf Arifoğlu
Rauf Arifoğlu

Rəqibi İqbal Ağazadə 22 seçki məntəqəsində qalib gəldiyini söyləyərək, MSK-ya müraciət edib

35 saylı Xətai 3-cü Seçki Dairəsindən deputat seçilən Rauf Arifoğlu özünün "Facebook" hesabında xüsusi statusla çıxış edib.

İstiPress həmin statusu təqdim edir:

"Rəqiblərim, ölkəni qarışdırmaq istəyən şəbəkə sosial mediada fırtına yaradırlar! Bütün seçki boyu saxtakarlıqlara əl atanlar bizi saxta yolla seçilməkdə suçlayırlar! İnsanları manipulyasiya edirlər! Ölkədə keçirilən seçkinin ən nümunəvi dairəsində apardığımız kampaniyanı, demokratik seçkini ləkələməyə çalışırlar.

Təmiz, halal bir qələbə qazanmışam! QƏBULLANA BİLMİRLƏR!!! Araz Əlizadəni quzu kimi qəbullanmışdılar, mənim möhtəşəm qələbəmi sinirə bilmirlər!!!

Çünki bu, gerçəkdir və nəticə birilərinin çirkli siyasi karyerasını bitirir! 5000 səs fərqi ilə özündən razı və saxtakar rəqibimi qutuda qoymuşam! Qane olmurmu? Qəbul etmirmi? Bütün anti -islahat, sabotaj dəstəsi ona dəstəkdirmi?

Hadi, mən də razıyam! Bir daha yarışaq! İddia etmirsiz, MSK nəticələri ləğv edəcək? Etsin!

Təkrar, bütün ölkənin gözləri önündə yarışaq. Bu dəfə klon namizədlər olmadan, fırıldaqlar, təxribatçı qadınlar olmadan! Rüşvət olmadan. Çirkli texnologiyalar olmadan!

Amma biləsiz: heç nə dəyişməyəcək! Yenə udacam! 5 dəfə də olsa, bu adamın məni seçki meydanında udma şansı yoxdur! Ona görə də sakitləşsin, otursun yerinə!!!

Hodri meydan!!! Olsun və yarış yenidən başlasın!!! Bunu bu dəfə mən tələb edirəm!!!"

Xatırladaq ki, bundan əvvəl MSK səslərin ilkin nəticələrinə istinad edərək Rauf Arifoğlunu bu dairədə qalib elan etmişdi. Onun əsas rəqibi, “Ümid” Partiyasının sədri İqbal Ağazadə nəticələrlə razılaşmayıb, ümumi saxtalaşdırmanın aparıldığını bildirmişdi.

İqbal Ağazadə ən azı 22 seçki məntəqəsində qalib gəldiyinə dair sübutlarının olduğunu söyləyərək ölkə prezidentinə, baş prokurora və MSK-ya müraciət edib.