Ermənistandan ilk məğlubiyyət etirafı

13 Fevral, 2018 16:27 | Siyasət | Baxış sayı: 1205
Ermənistan ordusunun muzdluları Qarabağda
Ermənistan ordusunun muzdluları Qarabağda

İrəvanda Azərbaycanla barışmağa çağırırlar

Erməni mətbuatı ilk dəfədir ki, kütləvi şəkildə 25 ildir ki, davam edən status-kvonun Ermənistanı fəlakətə sürüklədiyindən yazmağa başlayıb.

İstiPress-in məlumatına görə, erməni ekspertləri və siyasətçiləri birdən-birə fikirlərini bu cür 180 dərəcə dəyişməyə vadar edən amil, nə qədər qəribə olsa da, fevralın 8-də İranla Azərbaycan arasında Astara - Astara dəmir yolunun açılması olub.

Erməni mətbuatı detallı şəkildə qeyd edir ki, rəsmi səviyyədə martadan fəaliyyətə başlayacaq dəmir yoluna 2020-ci ildə 164 kilometrlik Rəşt - Astara hissəi də əlavə olunacaq və bununla Rusiya yüklərinin İran körfəzinə daşınmasını nəzərdə tutan Şimal-Cənub dəmir yolu dəhlizi tam gücü ilə fəaliyyətə başalayacaq. Bu məqsədlə Azərbaycanın İrana 500 milyon dollar kredit verməsi də erməni mətbuatında xüsusilə qeyd edilir.

Şimal Cənub Nəqliyyat Dəhlizi
Şimal Cənub Nəqliyyat Dəhlizi

Mövzu ilə bağlı “1in.am” portalında “Ermənistanın təcridi kabusu” başlıqlı məqalə yazmış erməni şərhçi Sarqis Arsruni qeyd edib:

“Status-kvonun dəstəklənməsi üstündə qurulmuş siyasət gerçəklikdə rasional deyil, çünki status-kvo təkcə ön cəbhədə və ya hərbi sahədə formalaşdırılan balansla məhdudlaşmır, həm də Azərbaycanın və Ermənistanın iqtisadi inkişaf göstəricilərinin, demoqrafiya statistikasının müqayisəsidir. Qarabağ münaqişəsi, sərhədlərin bağlı olması Ermənistanın Rusiyadan asılılığını artırır, iqtisadiyyatı boğur - onun inkişaf resurslarından məhsrum edir. Bu baxımdan Azərbaycan əslində bütün regional layihələrdə əsas aktyora çevrilir ki, bu da məcburən hər iki ölkənin qeyri-bərabər inkişafına səbəb olur ki, bu da Ermənistanın ziyanınadır. Milyardlarla dollar qazanan Azərbaycan boşalmaqda olan Ermənistan üçün təhlükəyə çevrilir”.

Astara - Astara dəmir yolunun açılmasına “ArmenianReport” portalında xüsusi məqalə həsr etmiş jurnalist Romella Mnasakanyan isə məsələnin siyasi tərəfini şəhr edib: “Bizə uzun müddət və həyasızlıqla yalan danışıblar ki, İran bizimlə əməkdaşlığı Azərbaycanla əməkdaşlıqdan üstün tutur. Bizi inandırırdılar ki, siyasi və iqtisadi baxımdan İranın Ermənistandan keçərək Avropaya çıxışı daha əlverişlidir. Bəs nə oldu? Görürük ki, yox. İran başqa yolla getdi. Çünki ona elə təklif etdilər ki, imtina edə bilmədi”.

Romella Mnasakanyan Azərbaycanın daha məntiqli siyasət yürütdüyünü vurğulayır: “İranın və Rusiyanın iqtisadi və siyasi təcridi güclənir, bundan Azərbaycan yararlanır, biz yox. Bununla yanaşı, Bakı həm də İsraillə, onun vasitəsi ilə də Amerika ilə yetərincə güclü əlaqələrə malikdir. Bu məsələdə yalnız Ermənistana rəhbərlik edən qanmazları günahlandırmaq lazımdır”.

Ermənistan siyasətinin yetərincə güclü oyunçusu, Birinci Qarabağ müharibəsində  Ermənistanın qələbəsini təmin etmiş partiya - Erməni Milli Konqressinin rəhbərliyi də təxminən bu fikirdədir. Partiyanın sədr müavini Aram Manukyan Rusiyanın “Vestnik Kavkaza“ portalına verdiyi müsahibədə Ermənistanın bu illər ərzində əksər regional layihələri əlindən buraxdığını vurğulayıb:

“"Bakı-Tiflis-Ceyhan" neft kəməri və "Bakı-Tiflis-Qars" dəmir yolu Ermənistandan yox, Gürcüstandan keçdi, indi də “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi və Çin “İpək yolu”.  Biz sanki regionda yoxuq. De-yure Ermənistan Qafqazdadır, amma o, Qafqazdan keçən heç bir layihədə iştirak etmir. Biz iqtisadi baxımdan dalandayıq, buna görə heç kim Ermənistana pul yatırmaq istəmir. Əgər biz əvvəllər ildə $3-4 mlrd sərmayə cəlb edə bilirdiksə, keçən il respublikaya  $120 mln sərmayə yatırılıb, bu, heç nədir”,- deyə Aram Manukyan vurğulayıb.

Erməni siyasətçi vəziyyətdən çıxış yolu kimi Qarabağ münaqişəsinin həllinin vacibliyini vurğulayır: “Türkiyə və Azərbaycan  Qarabağ münaqişəsinin həllində və sərhədlərin açılması məsələsində həmfikirdirlər, bu istiqamətdə ahəngdar çalışırlar.  Erməni Milli Konqressi bütün qonşularla yaxşı münasibətlər, xüsusilə də iqtisadi münasibətlər qurmağa çağırır”,- deyə Aram Manukyan vurğulayıb.

Azərbaycanın işğal edilmiş əraziləri - XƏRİTƏ
Azərbaycanın işğal edilmiş əraziləri - XƏRİTƏ

Qeyd edək ki, Erməni Milli Konqressi Birinci Qarabağ müharibəsini udsa da, partiyanın lideri Levon Ter-Petrosyan tezliklə Azərbaycanla barışmaq qərarına gəlmişdi. Şərtləri də elə ciddi deyildi, Qarabağa Azərbaycan sərhədləri daxilində özəl status verilməli və Ermənistanla birbaşa əlaqəsi üçün Laçından Qarabağa dar dəhliz ayrılmalı idi. Həm də Azərbaycan beynəlxalq layihələri Gürcüstandan keçməklə yox, Ermənistandan keçməklə gerçəkləşdirməli idi. O vaxt Qarabağ klanı - Robert  Koçaryan, Serj Sarkisyan, Seyran Ohanyan və başqaları Rusiyanın dəstəyi ilə hərbi çevriliş edərək Levon Ter-Petrosyanı hakimiyyətdən saldılar. Amma bu Ermənistan üçün böyük məğlubiyyətin və böyük fəlakətlərin əsasını qoydu. Tarix göstərdi ki, Levon Ter-Petrosyan Ermənistan üçün daha faydalı bir siyasət yürüdüb.